Qəbul imtahanlarında uğurlu nəticə
göstərərək tələbə adını qazanan abituriyentlərin sənəd qəbulu davam
edir. Dövlət İmtahan Mərkəzinin (DİM) rəsmi məlumatına görə,
2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinə yerləşdirmənin
nəticələrinə əsasən DİM tərəfindən təqdim olunan 42669 plan yerlərinin
(müsabiqədənkənar plan yerləri xaric) müsabiqəsində 42804 abituriyent
iştirak edib.
Onlardan 36428 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. 11775
nəfər dövlət sifarişi əsasında, 24653 nəfər isə ödənişli əsaslarla
təhsil almaq hüququ əldə edib.
I mərhələdən sonra ali təhsil müəssisələrinə qəbulolma faizi 85.37-dir.
Dövlət ali təhsil müəssisələrində (qəbul planı 36424) vakant yerlərin
sayı 3663 (10.06 %), özəl ali təhsil müəssisələrində (qəbul planı 6245)
isə 2579-dur (41.30%).
Dövlət və özəl ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil
alacaq tələbələr ilk kursun təhsil haqqını əvvəlcədən ödəməli olacaqlar.
Ödənişli əsaslarla ali məktəblərə qəbul olan tələbələrin bir qismi
təhsil haqqından azad ediliblər.
Bəzi kateqoriyalara aid olan tələbələrin təhsil haqqı
təsdiqedici sənədlər təqdim etdikləri halda dövlət büdcəsinin vəsaiti
hesabına ödənilir.
Bu kateqoriyaya dövlət ali təhsil müəssisələrində təhsil alan məcburi
köçkün və şəhid ailələrindən olan tələbələr, dövlət, bələdiyyə və özəl
ali təhsil müəssisələrində əyani təhsil alan, hər iki valideynini 18
yaşına qədər itirmiş və ya ona bərabər tutulan (bir valideynini itirmiş,
digər valideyni I və II qrup əlil olan) 23 yaşınadək tələbələr
daxildir.
Həmin tələbələr qeydiyyat zamanı müvafiq olaraq məcburi köçkün vəsiqəsi,
əlillik vəsiqəsi, şəhidlik vəsiqəsi, valideynlərin ölüm haqqında
şəhadətnaməsi- sənədlərin əsli və surətini təqdim etməlidirlər. Digər
hallarda ödənişli əsaslarla təhsil alan tələbələr təhsil haqqını
ödəməkdən azad olunmurlar.
Bundan əlavə imkansız tələbələrə də güzəşt ediləcəyi istisna edilmir. /azvision.az