Azərbaycanın ali təhsil
müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının
magistraturalarının boş qalan plan yerlərinə müsabiqənin nəticələri
açıqlanıb.
Dövlət İmtahan Mərkəzindən (DİM) XəzərXəbər-ə verilən məlumata görə, müsabiqənin nəticələri mərkəzin internet
saytında yerləşdirilib. Məlumata görə, bakalavrlar qəbulun nəticələrini
iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Qəbul olan bakalavrların siyahısı, müsabiqə nəticəsində formalaşmış
keçid balları avqustun 16-da "Magistr” jurnalının 7-ci sayında dərc
olunacaq.
Magistraturanın boş qalan 2049 plan yerinin müsabiqəsində iştirak etmək
üçün 1429 bakalavr müraciət edib. Müsabiqə nəticəsində onlardan 726
nəfər magistratura səviyyəsinə qəbul olub.
Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə
qəbul olanlar 2017-ci il avqustun 17-dən 25-dək sənədlərini qəbul
olduqları təhsil müəssisəsinə təqdim edərək qeydiyyatdan keçməlidirlər.
Həmin müddətdə qeydiyyatdan keçməmək bakalavrın müvafiq ixtisasa
yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul
haqqında əmri ali təhsil müəssisəsinə göndərilməyəcək.