"Dünya çempionatına Azərbaycanın 5
idmançısı ilk dəfə lisenziya qazanmışdı. Amma təəssüf ki
idmançılarımızdan biri zədələndi və oyunlarda iştirak edə bilmədi"
XəzərXəbər xəbər verir ki, bunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz
Hüseynzadə Londonda keçirilən dünya çempionatının nəticələrinə həsr
olunmuş mətbuat konfransında deyib.
Ç.Hüseynzadə bildirib ki, Azərbaycan
dünya çempionatına 4 idmançı ilə qatılıb və uğurlu nəticə əldə edib:
"Bəzi mətbuat orqanlarında yazırlar ki, uğur olmayıb. Amma atletika
nəticəsi olmayan bir ölkənin 5-ci yerdə olması böyük uğurdur.
İdmançılarımız finala çıxıb və yarışlarda mübarizə aparıblar".
Ç.Hüseynzadə bildirib ki, Azərbaycanlı idmançı Ramil Quliyevin dünya
çempionu olması sevindirici haldır: "Bu, böyük hadisədir. Hamımız onu
təbrik etdik. Finaldan öncəki nəticələri analiz edəndə görürdük ki,
Ramil qalib olacaq. Biz Türkiyə Atletika Federasiyası ilə danışdıq və
qərar qəbul olundu ki, Ramil medal qazansa, hər iki bayrağı qaldıracaq
və təcili olaraq Azərbaycan bayrağını gətirib Ramilə verdik ki,
qaldırsın. Ramilin hər çıxışında bütün şərhçilər elan edirdi ki,
"azərbaycanlı idmançı Ramil Quliyev qaçır"".
Vitse-prezident qeyd edib ki, mətbuatda Ramil Quliyev barədə xəbər yazanların əksəriyyəti idman jurnalistləri deyil.
"Ramil Quliyevin getməsi ilə bağlı 7 ildir ki, yazışmalar gedir. 6 il
əvvəl verdiyim müsahibəni çıxardıb deyirlər ki, belə demisən. Mən
dediklərimi inkar etmirəm. 2015-ci il olimpiadası və Rio olimpiadasından
öncə soruşdular ki, Ramilin nəticəsi olacaq? Dedim, yox. Bakıdan gedəndən sonra onun nəticələri olmayıb. 4 il sonra Bakıdakı nəticələrini verməyə başladı".
Ç.Hüseynzadənin sözlərinə görə, Ramil Azərbaycanda yeganə idmançı olub
ki, heç bir yerdə nəticəsi olmadan prezident tərəfindən ona 19 yaşında
ev verilib. Ramil "Neftçi"də ən yüksək maaşı alıb.
"Ramil deyir ki, Türkiyədə pulu klubdan alırdı, federasiyadan almırdı.
Burada da pulu "Neftçi"dən alırdı. O qeyd edirdi ki, burada məşqi üçün
imkan olmayıb. Bununla razıyam. Azərbaycanda qaçış yolları yoxdur, manej
indi də soyuqdur. Bu, federasiyanın problemi deyil, federasiya stadion
tikə bilməz. Bu ümumi problemdir. Atletika boks və ya güləş deyil ki,
balaca zal tutasan və məşq edəsən. Bunun üçün məkan olmalıdır. Atletlər
məşq etmək üçün xaricə gedirlər. Federasiya dövlət qurumu deyil, ictimai
təşkilatdır. Biz idmançılara maaş vermirik. Ödənişi sponsorlar edir.
Sponsor varsa, ödəniş olur, yoxdursa, edilmir".