Bu il qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan 4 nəfər ali təhsil müəssisələrinə qəbul ola bilməyib.
Bu barədə
AzVision.az-a
təhsil eksperti Kamran Əsədov məlumat verib. O bildirib ki, III ixtisas
qrupunda 660-dan yuxarı bal toplayan 2 nəfər, IV ixtisas qrupunda isə
620-dən yuxarı bal toplayan bir nəfər, 640-dan yuxarı bal toplayan bir
nəfər kəsilib. Bunlar Azərbaycan bölməsinin abituiyentlərdir.
"I ixtisas qrupunda 500 baldan yuxarı 2 nəfər, 400 baldan yuxarı 4
nəfər, II ixtisas qrupunda 430 baldan yuxarı 3 nəfər, 400-dən yuxarı 16
nəfər, III ixtisas qrupunda 500 baldan yuxarı 14 nəfər, 400 baldan
yuxarı 57 nəfər, IV ixtisas qrupunda isə 500 baldan yuxarı 17 nəfər, 400
baldan yuxarı 51 nəfər kəsilib”.
K.Əsədov qeyd edib ki, buna səbəb abituriyentlərin düzgün ixtisas seçimi
etməmələridir: "Onlar kodlaşdırma zamanı keçən ilki balları əsas
götürüblər. Orada bal nisbidir. Keçən il ali təhsil müəssisələrinə qəbul
olan abituriyentlər az idi. Bu il iki dəfə imtahan olduğu üçün
abituriyentlərin nəticələri yüksəlib. Hər zaman valideynlərə bildirirdim
ki, təkcə ötən ili deyil, 2 il əvvəlki nəticələrə də baxın.
III ixtisas qrupunda 660 baldan yuxarı toplayanlar Hüquq fakültəsinin
ödənişsizini yazıblar. Bu il isə Hüquqda keçid balı 671 oldu. Onlar isə
669 balla kəsildilər. I ixtisas qrupunda 350 baldan yuxarı 23 nəfər, II
ixtisas qrupunda 350 baldan yuxarı 31 nəfər, III ixtisas qrupunda 350
baldan yuxarı 192 nəfər, IV ixtisas qrupunda 350 baldan yuxarı 73 nəfər
kəsilib. Biabrçı vəziyyətdir”.