Dövlət İmtahan Mərkəzinin (DİM)
açıqladığı nəticələrə əsasən, tələbə adı qazanan şəxslər avqustun 15-dən
25-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə
qeydiyyatdan keçməlidirlər.
Bu barədə
XəzərXəbər-ə mətbuat xidmətindən məlumat verilib.
Mərkəzdən bildirilib ki, müəyyən olunan müddətdə qeydiyyatdan keçməmək
abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi
qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə
göndərilməyəcək.
Qeyd edək ki, DİM 2017/2018-ci tədris ili üçün Azərbaycanın
ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib.
Abituriyentlər müsabiqənin nəticələrini DİM-in internet səhifəsindən və
ya bütün mobil operatorlardan iş nömrələrini 7727 nömrəsinə göndərməklə
öyrənə bilərlər.
Ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin siyahısı
avqustun 12-də (günün ikinci yarısında) «Abituriyent» jurnalının 7-ci
sayında dərc olunacaq.
Ali təhsil müəssisələrinin müsabiqəsində 42804 abituriyent iştirak edib.
Onlardan 36381 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. 11728
nəfər dövlət sifarişi əsasında, 24653 nəfər isə ödənişli əsaslarla
təhsil almaq hüququ əldə edib.
Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı "Abituriyent” jurnalının 8-ci sayında dərc olunacaq.
Həmin yerlərə ixtisas seçimi avqustun 15-dən 19-dək internet vasitəsilə
aparılacaq. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin
boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili
müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə
bilərlər. Orta ixtisas təhsili müəssisələrinin qəbul aparılan
ixtisasları "Abituriyent” jurnalının 5-ci sayında dərc olunub. Jurnalı Bakı
şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28 və ya Yasamal rayonu,
Mikayıl Müşfiq küçəsi, 1M ünvanlarda yerləşən "Abituriyent” satış
köşklərindən almaq olar. Jurnalı həmçinin www.abiturient.az saytından
sifariş etmək mümkündür.