"Türkmənistan və Azərbaycan dünyada təhlükəsizlik, firavanlıq, sabitlik və inkişaf üçün hər şeyi edir"
Bunu Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüşündə çıxışında deyib.
Q.Berdiməhəmmədov bildirib: "Əziz qardaşım, icazə verin, Azərbaycana
səfərə dəvət olunduğumuza görə bizim bütün nümayəndə heyəti adından Sizə
minnətdarlığımı bildirim. Bu səfər böyük əhəmiyyət kəsb edir. Siyasətin
ən mühüm postulatlarından biri qonşularla yaxşı münasibətləri
saxlamaqdır. Bu münasibətlər müxtəlif istiqamətlər üzrə çoxtərəfli
əməkdaşlığın və qarşılıqlı fəaliyyətin necə reallaşdırılmasından
asılıdır. Müasir dövrdə Türkmənistan-Azərbaycan münasibətləri özünün
yeni mərhələsini yaşayır, yeni məzmun kəsb edir. Bu, həm siyasətdə, həm
iqtisadiyyatda, həm də mədəni-humanitar sahədə müşahidə olunur. Xüsusi
qeyd etmək lazımdır ki, həm Türkmənistan, həm də Azərbaycan dünyada
təhlükəsizlik, firavanlıq, sabitlik və inkişaf üçün hər şeyi edir. Bizim
ölkələrimiz bu siyasəti həyata keçirmək üçün Birləşmiş Millətlər
Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlarda qarşılıqlı fəaliyyət göstərir, bir-birini dəstəkləyirlər".
Türkmənistan Prezidenti qeyd edib ki, biz Sizə minnətdarıq ki, Siz
Türkmənistanın neytral statusa əsaslanan siyasətini həmişə
dəstəkləyirsiniz: "Ticari-iqtisadi münasibətlərə gəldikdə, bu gün həm
Türkmənistan, həm də Azərbaycan energetika, nəqliyyat və digər sahələrdə
iri layihələri reallaşdırmaqla nəinki regionda, həm də dünya miqyasında
xüsusi yer tutur. Bu, təkcə iki ölkənin, yalnız regionun inkişafına
töhfə verməklə məhdudlaşmır, ölkələrimizin reallaşdırdığı layihələr
böyük əhəmiyyət kəsb edir və dünyada da müəyyən rol oynayır.
Mədəni-humanitar sahəyə gəldikdə, Siz düzgün olaraq qeyd etdiniz ki,
bizim dillərimizin, tariximizin, mənəvi dəyərlərimizin kökləri əsrlərin
dərinliklərindən başlanır, onlar bir-birinə yaxın və oxşardır. Bütün
bunları qoruyub saxlamaq və növbəti nəsillərə çatdırmaq mühüm məqamdır.
Əziz qardaşım, hörmətli cənab Prezident, mən Sizə dövləti
fəaliyyətinizdə, Türkmənistan-Azərbaycan münasibətlərinin
möhkəmlənməsinə, Azərbaycanın firavanlaşmasına yönəlmiş fəaliyyətinizdə
böyük uğurlar arzulayıram".
Q.Berdiməhəmmədov vurğulayıb: "Fürsətdən istifadə edib, Sizi Aşqabadda
keçiriləcək qapalı məkanlarda döyüş sənəti üzrə V Asiya Oyunlarının
təntənəli açılış mərasimində iştiraka dəvət edirəm. Açılış sentyabrın
17-də olacaq. Sizi və Sizin nümayəndə heyətinin üzvlərini böyük
ehtiramla dəvət edirəm. Qardaş Azərbaycan xalqına inkişafda böyük
uğurlar və firavanlıq arzu edirəm. Gözəl ölkənizə səfərə dəvət
olunduğumuza görə Sizə bir daha dərin minnətdarlığımı bildirirəm".