Azərbaycan iqtisadiyyatı inkişaf edir. Bu ilin altı ayının nəticələri bunu deməyə imkan verir.
XəzərXəbər xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair Qaxda keçirilən respublika müşavirəsində deyib.
Dövlət başçısı bildirib ki, ölkənin qeyri-neft iqtisadiyyatı, qeyri-neft
sənayesi artıb: "İxrac 36 faiz, qeyri-neft ixracı 27 faiz artıb. Kənd
təsərrüfatı ixracı 40 faizdən çox artıb. Biz 6 ayda valyuta
ehtiyatlarını nəinki qoruya bilmişik, görülmüş tədbirlər, düşünülmüş
iqtisadi siyasət nəticəsində 3 milyard dollar əlavə valyuta gəlib".
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycana birinci altı ayda 5
milyard investisiya qoyulub: "Təsadüfi deyil ki, Davos Ümumdünya
İqtisadi Forumu ölkə iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə
37-ci yerə layiq görüb. Bu, MDB
məkanında birinci göstəricidir. Bu, sadəcə olaraq, görülmüş işlərin
təzahürüdür. Makroiqtisadi sabitlik təmin edilib. Manatın məzənnəsi
sabitdir. Dövlət xətti ilə ölkə iqtisadiyyatına sərmayə qoyulur. Özəl
sektor da buna qoşulub. Qırxa yaxın aqropark yaradılır. Yaxın 1-2 il
ərzində bu aqroparklarda istehsal olunacaq məhsul böyük bazarlara ixrac
ediləcək, daxili ərzaq təhlükəsizliyi təmin ediləcəkdir.
Bir sözlə, idxaldan asılılığı azaltmaq, daxili tələbatı daxili istehsal
hesabına təmin etmək və ixrac imkanlarımızı genişləndirmək məsələləri
Azərbaycanda uğurla təmin edilir. Əminəm ki, bugünkü müşavirənin
nəticəsində bizim üçün ənənəvi olan sahələr - baramaçılıq, tütünçülük,
fındıqçılıq da uğurla inkişaf edəcək, həm fermerlər, kəndlilər daha da
böyük fayda görəcək, eyni zamanda, dövlətimiz daha da güclənəcək".