Xəzər Xəbər

Prezident: Ərzaq təhlükəsizliyi ilə bağlı əldə edilmiş nailiyyətlər çox sevindiricidir

Gündəm | 13:21 • 4 Avqust 2017
Prezident:

Ərzaq təhlükəsizliyi prioritet məsələlərdəndir və bu sahədə əldə edilmiş nailiyyətlər çox sevindiricidir. Növbəti illərdə isə daha böyük nəticələr gözlənilir.

XəzərXəbər xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qaxda keçirilən barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində bildirib.

Qarşıda duran əsas vəzifələrdən birinin ərzaq təhlükəsizliyi olduğunu diqqətə çatdıran dövlətimizin başçısı deyib: "Biz əsas diqqətimizi bu sahəyə yönəltdik. Çünki bu, prioritet idi. Yaşlı nəslin nümayəndələri yaxşı bilirlər ki, sovet vaxtında Azərbaycan özünü ətlə, yağla, südlə, toyuq əti ilə təmin edə bilmirdi, bu məhsullar başqa respublikalardan gəlirdi. Biz isə öz növbəmizdə pambıq, üzüm, meyvə, tərəvəz, tütün, fındıq istehsal edib, başqa respublikalara göndərirdik. Ancaq müstəqillik dövründə ərzaq təhlükəsizliyi məsələləri ön plana çıxdı. Ona görə, biz əsas diqqəti bu sahəyə yönəltdik. Bunun nəticəsində bu gün taxılçılıqda böyük inkişaf var. Düzdür, bu, hələ ki, bizi tam qane edə bilməz, biz özümüzü hələ tam təmin etmirik, ancaq inkişaf var. Ət istehsalı Azərbaycanın tələbatını demək olar ki, ödəyir. Növbəti illərdə görüləcək tədbirlər nəticəsində biz hətta böyük ixrac potensialına da malik olacağıq. Biz özümüzü toyuq əti ilə 100 faiz, süd və süd məmulatları ilə təqribən 80 faiz səviyyəsində təmin edirik. Azərbaycandan böyük həcmdə meyvə-tərəvəz ixrac edilir. Yəni, ərzaq təhlükəsizliyi məsələləri prioritetdir. Deyə bilərəm ki, bu sahədə əldə edilmiş nailiyyətlər çox sevindiricidir. Növbəti illərdə daha da böyük nəticələr olacaq”.

Xəbər lenti