Xəzər Xəbər

“Azərbaycanda işsizliyin səviyyəsi daha da azalacaq”

Gündəm | 13:09 • 4 Avqust 2017
“Azərbaycanda işsizliyin səviyyəsi daha da azalacaq”

"Azərbaycanda işsizliyin və yoxsulluğun səviyyəsi daha da aşağı düşəcək”.

XəzərXəbər xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair Qaxda keçirilən respublika müşavirəsində deyib. Dövlətimizin başçısı bildirdi ki, tütünçülüyün, baramaçılığın və fındıqçılığın inkişafına böyük dəstək və diqqət var. Qarşıda duran vəzifələrdən danışarkən Prezident İlham Əliyev vurğuladı ki, dövlət strateji kənd təsərrüfatı sahələrinin inkişafı üçün öz dəstəyini davam etdirəcək. Qeyd olunan sahələrlə bağlı sovet və müstəqillik dövrlərində əldə olunan nəticələrin statistikasına nəzər salan Prezident İlham Əliyev artıq 13 rayonda tütün əkininin aparıldığını bildirdi və qeyd etdi ki, tütün istehsalçılarına güzəştli kreditlər verilməli, hər rayonda tütün qəbulu məntəqələri və qurutma kameraları yaradılmalı, tütünün ixracı ilə bağlı bazarlar müəyyən olunmalı, ölkədə müasir siqaret istehsal edən fabriklər fəaliyyətə başlamalı, 2021-ci ilə qədər tütün əkini genişləndirilməlidir.

Baramaçılığın inkişafından da danışan dövlətimizin başçısı hazırda 30 rayonda barama istehsal olunduğunu bildirdi. Gələn il 500 ton barama tədarükünün gözlənildiyini deyən Prezident İlham Əliyev 2025-ci ilə qədər bu həcmin 6 min tona çatdırılmasının mümkünlüyünü vurğuladı, bu sahədə dövlət dəstəyinin davam edəcəyini, növbəti mərhələdə 8 milyon tut tinginin əkiləcəyini və bu rəqəmin ümumilikdə 10 milyona çatdırılmasının planlaşdırıldığını qeyd etdi. Bununla yanaşı, damazlıq barama təsərrüfatlarının fəaliyyətinin yaxşılaşdırılması, qəbul məntəqələrinin və yeni ipək kombinatının yaradılması, "Şəki İpək” ASC-nin fəaliyyətinin daha da gücləndirilməsi ilə bağlı tapşırıqlarını verdi.

Fındıqçılıqda da müəyyən inkişafın getdiyini, lakin hələ istənilən səviyyəyə çatmaq üçün çox işlərin görülməsinin vacibliyini bildirən Prezident İlham Əliyev 80 min hektar sahədə fındıq bağlarının salınmasının qarşıdakı dövrdə əsas hədəf olduğunu bildirdi. Fındıqçılığın çox gəlirli və valyuta gətirən bir sahə olduğunu deyən dövlətimizin başçısı fındıq istehsalı ilə bağlı bütün proseslərin ölkəmizdə aparılmasının vacibliyini vurğuladı.

Həyata keçirilən bu tədbirlərin ilk növbədə əhalinin rifah halının yaxşılaşmasına və qeyri-neft sektorunun inkişafına xidmət etdiyini deyən dövlətimizin başçısı kənd təsərrüfatının inkişafı ilə bağlı görülən işlərin əhəmiyyətindən danışdı, bu müşavirənin də nəticələrinin müsbət olacağına əminliyini ifadə etdi.

Xəbər lenti