"Dünən mən Balakən, Zaqatala, Qax
rayonlarında səfərdə olmuşam. Rayonlarda görülən işlərlə tanış olmuşam,
əlavə tapşırıq vermişəm və bir daha görürəm ki, bu rayonlarda son illər
ərzində çox sürətli inkişaf gedir. Bir çox sosial, infrastruktur,
energetika, nəqliyyat, kənd təsərrüfatı, emal sənayesi obyektlərinin
açılışlarında iştirak etmişəm.”
XəzərXəbər xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair Qaxda
keçirilən respublika müşavirəsində deyib. Dövlət başçısı bildirib ki,
Azərbaycanın şimal-qərb zonasında çox sürətli inkişaf gedir. Bu zonaya
həm dövlət, həm özəl sektor tərəfindən çox böyük investisiyalar qoyulur:
"Dünənki bütün tədbirlər əslində, son illər ərzində bu bölgədə və
ümumiyyətlə, Azərbaycanda görülən işləri bir daha əyani şəkildə təqdim
edir. Ancaq əlbəttə ki, burada əsas investisiya qoyuluşunun payı
dövlətin üzərinə düşür. Son illərdə bu bölgəyə yolların, elektrik
stansiyalarının tikintisi, qazlaşdırma, su təchizatı, suvarma
məsələləri, sosial obyektlərin inşası ilə bağlı Azərbaycan büdcəsi
hesabına çox böyük investisiyalar qoyulubdur. Məktəblər, xəstəxanalar,
sosial obyektlər, idman kompleksləri, turizm obyektləri – bir sözlə, bu
gün ölkəmizin şimal-qərb zonası öz sürətli inkişaf dövrünü yaşayır,
perspektivləri də çox müsbətdir. Əminəm ki, verilən tapşırıqların yerinə
yetirilməsi nəticəsində gələcək illərdə bu müsbət dinamika daha da
güclənəcəkdir”.
İ. Əliyev qeyd edib ki, bugünkü müşavirə bu bölgəyə xas olan ənənəvi
kənd təsərrüfatı sahələrinin inkişafına həsr edilib. Tütünçülük,
baramaçılıq, fındıqçılıq bu bölgədə əsrlər boyu inkişaf edib. Bu
sahələrin ölkəmizdə çox böyük və zəngin ənənələri vardır. Burada mövcud
olan torpaq şəraiti, torpağın münbitliyi, iqlim, coğrafi vəziyyət,
xarici bazarlara yaxın olmağımız və qədim İpək yolu üzərində
yerləşməyimiz – bütün bunlar bu sahələrin inkişafına təkan verib:
"Azərbaycan xalqı əsrlər boyu bu sahələrdə çalışırdı və yaxşı nəticələr
əldə edirdi. Statistikaya baxdıqda görürük ki, tütünçülüyün,
baramaçılığın, fındıqçılığın ən uğurlu və sürətli inkişaf dövrü ulu
öndər Heydər Əliyevin
adı ilə bağlıdır. Məhz onun fəaliyyəti nəticəsində 1970-1980-ci illərin
əvvəllərində bu sahələrdə böyük inkişaf təmin edilmişdir. O vaxt bu
sahələrdə görülən işlər deməyə əsas verir ki, biz bu gün bu sahələri
uğurla bərpa edə bilərik. Nəinki bu sahələr, kənd təsərrüfatının
pambıqçılıq, üzümçülük və digər sahələri də Heydər Əliyevin rəhbərliyi
ilə uğurla inkişaf etmişdir. Biz bu ənənəvi sahələri bu gün bərpa
edirik. 2004-cü ildən bu günədək, yəni, 2017-ci ilə qədər 11 min
kilometr yeni yollar - həm magistral, həm də kənd yolları salınmışdır,
böyük meliorasiya layihələri icra edilmiş, Taxtakörpü, Şəmkirçay
su anbarları, digər dəryaçalar yaradılmış, kanallar çəkilmişdir və bu
proses bu gün də davam etdirilir. Qarşıda duran əsas məsələlərdən biri
də fermerləri dayanıqlı su ilə təmin etməkdir. Sosial infrastruktur
yaradıldı, 3 mindən çox məktəb, 600-dən çox xəstəxana, bölgələrdə 50-yə
yaxın Olimpiya İdman Kompleksi tikildi. Eyni zamanda, sahibkarlara
verilən kreditlər hesabına yüz minlərlə yeni iş yeri yaradılmışdır.
Bütövlükdə 2004-cü ildən bu günə qədər 1 milyon yarım iş yeri açılmışdır
ki, bunun böyük əksəriyyəti daimi iş yeridir. Demək olar ki, hazırda
Azərbaycanda işsizlik kimi bir çox ölkələri incidən, boğan sosial amil
yoxdur. İşsizlik 5 faiz səviyyəsindədir. Bu gün işləmək istəyən özü üçün
iş tapa bilər. Son iki il ərzində xüsusilə kənd təsərrüfatı, sənaye
sahələrində çox böyük işlərin görüldüyünü nəzərə alsaq, Azərbaycanda
işsizliyin və yoxsulluğun səviyyəsi daha da aşağı düşəcək. Biz
xalqımızı, dövlətimizi bu böyük bəlalardan qurtara bildik”.
Prezident əlavə edib ki, 2004-cü ildən başlayaraq infrastruktur
layihələrinin icrası ilə bağlı qarşıda duran əsas vəzifələrdən biri
ərzaq təhlükəsizliyi idi: "Biz əsas diqqətimizi bu sahəyə yönəltdik.
Çünki bu, prioritet idi. Yaşlı nəslin nümayəndələri yaxşı bilirlər ki,
sovet vaxtında Azərbaycan özünü ətlə, yağla, südlə, toyuq əti ilə təmin
edə bilmirdi, bu məhsullar başqa respublikalardan gəlirdi. Biz isə öz
növbəmizdə pambıq, üzüm, meyvə, tərəvəz, tütün, fındıq istehsal edib
başqa respublikalara göndərirdik. Ancaq müstəqillik dövründə ərzaq
təhlükəsizliyi məsələləri ön plana çıxdı. Ona görə, biz əsas diqqəti bu
sahəyə yönəltdik. Bunun nəticəsində bu gün taxılçılıqda böyük inkişaf
var. Düzdür, bu, hələ ki, bizi tam qane edə bilməz, biz özümüzü hələ tam
təmin etmirik, ancaq inkişaf var. Ət istehsalı Azərbaycanın tələbatını
demək olar ki, ödəyir. Növbəti illərdə görüləcək tədbirlər nəticəsində
biz hətta böyük ixrac potensialına da malik olacağıq. Biz özümüzü toyuq
əti ilə 100 faiz, süd və süd məmulatları ilə təqribən 80 faiz
səviyyəsində təmin edirik. Azərbaycandan böyük həcmdə meyvə-tərəvəz
ixrac edilir. Yəni, ərzaq təhlükəsizliyi məsələləri prioritetdir. Deyə
bilərəm ki, bu sahədə əldə edilmiş nailiyyətlər çox sevindiricidir.
Növbəti illərdə daha da böyük nəticələr olacaq.
O ki qaldı, texniki bitkilərə, bu sahəyə o qədər də diqqət
göstərilməmişdir. Bunun da səbəbləri onunla bağlı idi ki,
investisiyalar, ilk növbədə, infrastruktura, ərzaq təhlükəsizliyi
məsələlərinə qoyulmalı idi. Bizim digər böyük sosial proqramlarımız var.
Xüsusilə məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılmasına
milyardlarla vəsait qoyuldu. Ordu quruculuğuna milyardlarla vəsait
qoyuldu. Ona görə, texniki bitkilərin inkişafı bir qədər diqqətdən
kənarda qalıb. Hesab edilirdi ki, bazar iqtisadiyyatı, özəl sektor bu
sahələri də inkişaf etdirəcək. Ancaq gördük ki, dövlətin dəstəyi olmadan
bu sahələr inkişaf edə bilmir. Son illərdə bu sahələrdə çox böyük
tənəzzül müşahidə olunur. Demək olar ki, biz bu sahələri itirirdik.
Pambıqçılıq demək olar ki, məhv olurdu. O cümlədən tütünçülüyə maraq
göstərilmirdi, baramaçılıq isə ümumiyyətlə, gündəlikdən çıxarılmışdı.
Ona görə, bu sahələrə göstərilən diqqət nəticəsində cəmi iki il ərzində
dönüş yarandı. Pambıq istehsalı artdı. 2015-ci ildə cəmi 17 min hektarda
pambıq əkilirdisə, bu il əkin sahələri 136 min hektara çatdı, cəmi iki
il ərzində təxminən 10 dəfə artdı. İstehsal da buna uyğun şəkildə artır
və artacaq. Biz indi böyük ixrac imkanlarımızla xarici bazarlara
çıxırıq. Nəinki xam pambıq, mahlıc, eyni zamanda, Mingəçevirdə
yaranmaqda olan böyük yüngül sənaye kompleksinin fəaliyyətə başlaması
nəticəsində biz hazır məhsul ixrac edəcəyik. Digər sahələrdə, misal
üçün, fındıqçılıqda. Baxmayaraq ki, fındıqçılıq müstəqillik dövründə
artıb. Tütünçülük, baramaçılıqdan fərqli olaraq fermerlər bu sahəyə
maraq göstərmişlər. Çox da olmasa, artım var idi. Ancaq biz bu artımı
sürətləndirdik. İki il ərzində 18 min hektarda yeni fındıq bağları
salınıb ki, bir neçə ildən sonra onlar bar verəcək”.
Dövlət başçısı deyib ki, tütünçülüklə bağlı atılmış ilk addımlar öz
nəticəsini verir. Bu müşavirədən sonra çox ciddi proqram qəbul ediləcək.
Azərbaycanda baramaçılıq çox geniş vüsət alıb: "Hesab edirəm ki,
fermerlər, kəndlilər tərəfindən ən çox maraq göstərilən sahə də
baramaçılıqdır. Çünki dövlət hər şeyi öz üzərinə götürüb, bütün lazımi
materialları, tingləri verir, bütün sahələr üzrə subsidiyalar verir.
Kümçülər 30-40 gün ərzində yaxşı gəlir əldə edirlər. Ona görə, bu
ənənəvi sahələrin inkişafı ilə bağlı əlavə tədbirlər görüləcək. Biz bu
gün bu barədə danışacağıq. O ki qaldı, bizim ümumi iqtisadi inkişaf
perspektivlərimizə, mən bu perspektivləri yüksək qiymətləndirirəm.
Azərbaycan iqtisadiyyatı inkişaf edir. Bu ilin altı ayının nəticələri
bunu deməyə imkan verir. Qeyri-neft iqtisadiyyatımız, qeyri-neft
sənayemiz artdı. İxrac 36 faiz, qeyri-neft ixracı 27 faiz artıb. Kənd
təsərrüfatı ixracı 40 faizdən çox artıb. Biz 6 ayda valyuta
ehtiyatlarını nəinki qoruya bilmişik, görülmüş tədbirlər, düşünülmüş
iqtisadi siyasət nəticəsində 3 milyard dollar əlavə valyuta gəlib.
Azərbaycana birinci altı ayda 5 milyard investisiya qoyulub. Təsadüfi
deyil ki, Davos Ümumdünya İqtisadi Forumu ölkə iqtisadiyyatını
rəqabətqabiliyyətliliyinə görə 37-ci yerə layiq görüb. Bu, MDB
məkanında birinci göstəricidir. Bu, sadəcə olaraq, görülmüş işlərin
təzahürüdür. Makroiqtisadi sabitlik təmin edilib. Manatın məzənnəsi
sabitdir. Dövlət xətti ilə ölkə iqtisadiyyatına sərmayə qoyulur. Özəl
sektor da buna qoşulub. Qırxa yaxın aqropark yaradılır. Yaxın 1-2 il
ərzində bu aqroparklarda istehsal olunacaq məhsul böyük bazarlara ixrac
ediləcək, daxili ərzaq təhlükəsizliyi təmin ediləcəkdir.
Bir sözlə, idxaldan asılılığı azaltmaq, daxili tələbatı daxili istehsal
hesabına təmin etmək və ixrac imkanlarımızı genişləndirmək məsələləri
Azərbaycanda uğurla təmin edilir. Əminəm ki, bugünkü müşavirənin
nəticəsində bizim üçün ənənəvi olan sahələr - baramaçılıq, tütünçülük,
fındıqçılıq da uğurla inkişaf edəcək, həm fermerlər, kəndlilər daha da
böyük fayda görəcək, eyni zamanda, dövlətimiz daha da güclənəcək”.