XəzərXəbər xəbər verir ki, dövlətimizin başçısına müəssisə barədə məlumat verildi.
Bildirildi ki, müəssisənin ümumi ərazisi 3 hektardır. Burada istehsalat
bölməsi, anbar, ofis və digər infrastruktur obyektləri tikilib. Ərazidə
suvarma məqsədləri üçün su tutumu 5 min kubmetr olan süni göl
yaradılıb, damcı suvarma sistemi qurulub, kənd təsərrüfatı texnikaları
alınıb, Türkiyədən bu sahədə təcrübəli aqronomlar dəvət edilib. Ərazidə 3
artezian quyusu qazılıb, qaz və elektrik xətləri çəkilib, müasir
işıqlandırma sistemi qurulub və yaşıllıq zolaqları salınıb.
Diqqətə çatdırılıb ki, 2016-cı ilin oktyabr-noyabr aylarında Türkiyədən
və Bolqarıstandan dəvət olunmuş mütəxəssislərin tövsiyələri əsasında
Zaqatala
rayonunun Aşağı Tala kəndində gülçülüyün inkişaf etdirilməsi məqsədilə
107 hektar torpaq sahəsi müəyyənləşdirilib. Bolqarıstandan gətirilmiş
tinglərdən 82 hektarda "Dəməşq qızılgülü” və 25 hektarda "Lavanda” gülü
növləri üzrə gül plantasiyaları salınıb. Bu plantasiyalarda ilkin
mərhələdə təxminən 600 ton gül ləçəyinin toplanması nəzərdə tutulub.
"Dəməşq qızılgülü”ndən istehsal olunan yağ həm məhsuldarlığına, həm də
keyfiyyətinə görə ən yaxşısı hesab olunur. Bolqarıstandan gətirilmiş
"Lavanda” gülü növünün Fransa və Türkiyə "Lavanda” növlərindən yağlılıq
dərəcəsi 20 faiz çoxdur. İllik gücü 1250 ton yaş gül, 250 litr qızıl gül
və 6 min litr "Lavanda” gül yağı olan müəssisədə istehsal edilən yağlar
"AzRose” adı ilə bazarlara çıxarılacaq. Gələcəkdə isə həmin yağlardan
istifadə etməklə müxtəlif ətriyyat, yuyucu, məişət və qida sənayesində
istifadə olunan məhsulların istehsalı nəzərdə tutulur.
Gül yağı istehsalı avadanlıqları Türkiyədən gətirilib. Müəssisədə 31
daimi və 600-ə yaxın mövsümi iş yeri açılacaq. Layihə gələcəkdə yerli
əhalinin öz pay torpaqlarında qızılgül əkməklə bu sahənin daha da
inkişaf etdirilməsinə şərait yaradacaq. Beləliklə, əhali yığdığı gül
ləçəklərini müəssisəyə təhvil verməklə əlavə gəlir əldə edəcək.
Qeyd edək ki, dünya üzrə ildə 3 ton qızılgül yağı istehsal olunur ki,
bunun da 50 faizi Türkiyə, 40 faizi Bolqarıstan, 10 faizi isə digər
ölkələrin payına düşür.
Azərbaycanda
ilk mərhələdə istehsal olunacaq 125 litr qızılgül yağı dünya üzrə
istehsalın 4 faizini təşkil edəcək. 2016-cı ildə dünya bazarında 1 litr
qızılgül yağının qiyməti 10-12 min
avro təşkil edib. Eyni zamanda, müəssisədə 3 min litr "Lavanda” yağının istehsalı nəzərdə tutulub.
Ötən il dünya bazarında 1 litr "Lavanda” yağının qiyməti 100-130 avro
təşkil edib. Müəssisənin məhsulları 2018-ci ildən dünya bazarına
çıxarılacaq. Gələcəkdə digər bitki növlərinin efir yağlarının da
istehsalı mümkün olacaq. Beləliklə, "Made in Azerbaijan” brendi ilə
dünya bazarlarına çıxacaq məhsullarımızın sayı və çeşidi xeyli artacaq.
Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri və müəssisənin kollektivi ilə görüşdü.
Rayon ictimaiyyətinin nümayəndələri adından çıxış edən İlhamə Mehdiyeva
və Xəzangül Zeynalova göstərdiyi diqqət və qayğında görə dövlətimizin
başçısına minnətdarlıqlarını bildirdilər. Sonra Prezident İlham Əliyev
qızılgül sahələrinə baxdı. Sonda xatirə şəkli çəkdirildi.