Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 3-də Balakən rayonuna səfərə gəlib.
XəzərXəbər xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə xalqımızın ümummilli
lideri Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında
Ulu Öndərin abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoydu.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Prezident İlham Əliyevə
parkda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verdi.
Bildirildi ki, bu park həm rayon sakinlərinin, həm də qonaqların asudə
vaxtlarını səmərəli keçirmək üçün üz tutduqları gözəl məkanlardan
biridir. Burada istirahət üçün hər cür şərait yaradılıb.
Daha sonra Prezident İlham Əliyev avqustun 3-də Balakən Su Elektrik
Stansiyasının açılışında iştirak edib. "Azərenerji” Açıq Səhmdar
Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev dövlətimizin başçısına
stansiya barədə məlumat verdi. Bildirildi ki, Balakən çayı üzərində
tikilmiş və ümumi gücü 1,5 meqavat olan bu stansiyanın təməlini
Prezident İlham Əliyev 2010-cu ildə qoyub. Stansiya texniki
göstəricilərinə görə olduqca səmərəli və müasirdir. Layihə çərçivəsində
burada hündürlüyü 5,6 metr olan bənd tikilib. Bəndin maksimum eni 28,
qaşının eni isə 4 metr təşkil edir. Burada saniyədə 63 kubmetr suburaxma
qabiliyyəti olan sutullayıcı, saniyədə 23 kubmetr suburaxma qabiliyyəti
olan suqəbuledici yaradılıb. Stansiyanın inşası zamanı uzunluğu 2 min
metr, diametri isə 1550 millimetr olan boru, 10 və 0,4 kilovoltluq
yarımstansiya və elektrik verilişi xətləri çəkilib, hər birinin gücü 0,5
meqavat olan üç hidroturbin və hidrogenerator quraşdırılıb.
Bundan başqa, ərazidə turbin zalı və stansiyanın idarəetmə binası da
inşa edilib. Qeyd edildi ki, bu layihə olduqca əhəmiyyətlidir. İldə 10
milyon kilovat-saat elektrik enerjisi istehsalı gücünə malik stansiya
rayonun tələbatının 15 faizini, Balakən şəhərinin tələbatının isə 25-30
faizini ödəyəcək. Dövlətimizin başçısı Balakən Su Elektrik Stansiyasını
işə saldı. Azərbaycan
Prezidentinin 2009-cu ildə imzaladığı Sərəncama əsasən, respublikada
kiçik su elektrik stansiyalarının geniş tətbiq edilməsi məqsədilə xüsusi
proqramlar hazırlanıb. Bu günədək ümumi gücü təqribən 150 meqavat olan
12 su elektrik stansiyası istifadəyə verilib. Hazırda isə ümumi gücü
təqribən 18 meqavat olan beş stansiyanın inşası davam etdirilir.
Stansiyanın tikintisində 100 nəfər çalışıb. Ərazidə geniş abadlıq işləri
aparılıb, müasir işıqlandırma sistemi quraşdırılıb, yaşıllıq zolaqları
salınıb.
Avqustun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Balakən
şəhərində inşa olunan Bayraq Muzeyinin açılışında iştirak edib.
Prezident İlham Əliyev Balakən Bayraq Muzeyinin rəmzi açılışını bildirən
lenti kəsdi. Dövlətimizin başçısı muzeylə tanış oldu. Məlumat verildi
ki, muzeyin tikintisinə 2017-ci ilin fevralında başlanılıb və bu ilin
iyulunda başa çatdırılıb. Balakən Rayon İcra Hakimiyyətinin sifarişi
əsasında inşa edilən muzey binasının ümumi sahəsi 510 kvadratmetrdir.
Binada zallar və konfrans otağı yaradılıb. Ekspozisiya zalında maraqlı
eksponatlar sərgilənir. Burada müxtəlif dövrlərdə Azərbaycanda atribut
kimi qəbul edilmiş bayraqlar, gerblər, o cümlədən Nuxa, Yelizavetpol,
Naxçıvan, Quba, Şuşa, Şamaxı, Lənkəran, Zaqatala qəzalarının və Bakı
quberniyasının, Azərbaycan SSR-in, Azərbaycan İctimai Şuralar
Cəmiyyətinin və müstəqil Azərbaycanın gerbinin fotoları nümayiş
etdirilir. Muzeydə Azərbaycanın Səfəvilər, Ağqoyunlular, Qaraqoyunlular
və Eldəgizlər dövlətləri dövründəki, həmçinin 1918-1920-ci illərdəki və
1991-ci ildəki xəritələri də var. Güc strukturlarının geyimlərinin,
tarixin müxtəlif dövrlərində ölkəmizdə istifadə edilən sikkələrin,
pulların nümayiş olunduğu ekspozisiyalar da maraq doğurur. Bu cür
layihələrin həyata keçirilməsi, həmçinin milli atributlarımızın tarixi
və onların gələcək nəsillərə çatdırılması baxımından müstəsna əhəmiyyətə
malikdir.
Eyni zamanda Prezident İlham Əliyev avqustun 3-də
Balakən-Sarıbulaq-Qabaqçöl-Xalatala avtomobil yolunun açılışında iştirak
edib. "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov
dövlətimizin başçısına yolun texniki göstəriciləri barədə məlumat verdi.
Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına əsasən bu il
istifadəyə verilməsi nəzərdə tutulan və kəndlərarası 40 avtomobil yolu
layihələrindən biri olan Balakən-Sarıbulaq-Qabaqçöl-Xalatala avtomobil
yolunun uzunluğu 24,5 kilometr, eni isə 10 metrdir. Avtomobil yolu
texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə inşa
edilib. İki hərəkət zolaqlı yol 4-cü texniki dərəcəyə uyğun yenidən
qurulub. Tikinti işləri zamanı yolboyu zəruri olan yerlərdə yararsız
qrunt təbəqəsi qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək
bərkitmə işləri aparılıb və yeni yol yatağı inşa olunub. Daha sonra
yolun 150 min kvadratmetr sahəsinə ikiqat asfalt-beton örtük döşənib.
Layihə çərçivəsində yol boyunca 14 suötürücü boru və uzunluğu 18, eni
isə 7 metr olan körpü tikilib, yol təhlükəsizlik dirəkləri, yol
nişanları və məlumatverici lövhələr quraşdırılıb. Diqqətə çatdırıldı ki,
Balakən-Sarıbulaq-Qabaqçöl-Xalatala avtomobil yolunun tikintisi 15
yaşayış məntəqəsinin 44 min nəfər əhalisinin gediş-gəlişini xeyli
rahatlaşdıracaq. Bundan başqa, bu yol yük və sərnişin daşınmasının da
yaxşılaşmasına imkan yaradacaq, turizm bölgələrimizdən olan Balakənə
gələn turistlərin rahat və təhlükəsiz hərəkətini təmin edəcək. Prezident
İlham Əliyev yeni yolun rəmzi açılışını bildirən lenti kəsdi. Sonda
xatirə şəkli çəkdirildi.