Xəbər verdiyimiz kimi Dövlət İmtahan
Mərkəzinin 2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinə
keçirdiyi qəbul imtahanlarının nəticələri açıqlanıb.
Onlardan 7 nəfər I qrup üzrə ən yüksək bal toplayıb. Seçim üstünlüyü verilən isə Bakı
Ali Neft Məktəbi (BANM) olub. Belə ki 700 bal toplayan 6 gənc məhz
BANM-in ixtisaslarını seçib. Bunun səbəbini onlar BANM-in İctimaiyyətlə
əlaqələr şöbəsinə açıqlayıblar.
Qabil Əliyev (Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyi):
"BANM tələbələrə geniş imkanlar yaradan və yaxşı təhsil verən az saylı
universitetlərdən biridir. "Proseslərin avtomatlaşdırılması
mühəndisliyi” ixtisası da həm ən perspektivli ixtisaslardan biridir, həm
də özümə yaxın gördüyüm sahədir. Məhz buna görə də seçimim Bakı Ali
Neft Məktəbi oldu”.
Xalidə Əliyeva (Bakı, 220 saylı məktəb):
"Məktəbdə ən sevdiyim fənn fizika idi və buna görə də 1- ci ixtisas
qrupunu seçmişdim. Məktəbdə və hazırlıqda yoldaşlarımdan BANM haqqında
eşitmişdim. Onların çoxu məhz BANM- də təhsil almaq istəyirlər və məndə
də maraq oyatmışdılar. Ali təhsilim üçün istədiyim hər şeyin burada
olduğunu düşünürəm. Seçdiyim ixtisas isə fizika ilə çox əlaqəlidir”.
Vahab Cəbrayılov (İsmayıllı rayonu, Lahın qəsəbə tam orta məktəbi):
"Bakı Ali Neft Məktəbinə daxil olmaq mənim ən xoşbəxt anımdır. Azərbaycan
təhsilində öz sözünü qısa bir müddətdə demiş Ali Məktəbinə inanırdım və
imtahandan öncəki məqsədim də elə bu idi. "Proseslərin
avtomatlaşdırılması mühəndisliyi” ixtisasına gəldikdə isə kompüter və
robot texnologiyalarına olan marağım səbəbindən son qərarım kimi bu
ixtisas üzərində durdum. Gələcəkdə bu sahədə təkcə Azərbaycanda deyil,
dünyada bu sahə üzrə peşəkar bir mütəxəssis kimi formalaşmağı və bu
sahədə ölkəm adına bir ilkə imza atmağı qarşıma məqsəd qoymuşam”.
Mahirə Əsədzadə (Bakı, 162 saylı məktəb):
"BANM tələbələr üçün böyük şanslar verir, yüksək ixtisaslı
mütəxəssislərin hazırlanmasına önəm verir. Tələbə üçün ən yaxşı seçim
olacağını düşünürəm və ətrafımdakı yüksək bal toplayanların da seçimi bu
təhsil ocağı olmuşdur”.
Elmir Əhmədov (Bakı, Akademik Zərifə Əliyeva adına lisey):
"Elmin texniki tərəqqi dövründə avtomatlaşdırmanın nə qədər perspektivli
sahə olduğunu izah etməyə ehtiyac yoxdur. Ölkəmizin iqtisadiyyatının və
nüfuzunun güclənməsi prosesində iştirak etmək həvəsi həmişə mənimlə
olub. Niyə mən məhz BANM-i seçdim? Çünki Bakı Ali Neft Məktəbi tələbələr
üçün yaratdığı şərait və geniş karyera imkanları ilə seçilir”.
Abdulla Əsgərzadə (Gəncə, İstək liseyi):
"Hələ 10-cu sinifdə 1-ci qrupu seçərkən, BANM-i nəzərdə tutmuşdum. BANM
Azərbaycanda yüksək reytinqli təhsil müəssisələrindən biridir və
eşitdiyimə görə burada beynəlxalq tələblərə uyğun, yüksək səviyyəli
tədris həyata keçirilir. İxtisasa gəlincə dəqiq elmlərə, xüsusən fizika
və riyaziyyata marağım çox olduğundan fikirləşirəm ki, "Proseslərin
avtomatlaşdırılması mühəndisliyi” ixtisasını seçərək öz bilik və
bacarığımı bu sahədə göstərə biləcəm”. /azvision.az