İqtisadiyyat Nazirliyi yanında
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət
Xidməti uzunmüddətli istifadə üçün nəzərdə tutulan mallar (məişət cihaz
və avadanlıqları, rabitə vasitələri, maşın, alət və s.) alarkən
istehlakçılara diqqətli olmağı tövsiyə edir.
Nazirlikdən
XəzərXəbər-ə verilən məlumata görə, istehlakçı bu növ malları alarkən satıcıdan
müqavilə, ödənişi təsdiq edən nəzarət-kassa aparatının çeki və malın
zəmanət talonunu tələb etməlidir.
"Eyni zamanda, alınan malların komplektliyinə, keyfiyyətinə, mal və
istehsalçı haqqında məlumatın, mal haqqında qısa annotasiyanın
mövcudluğuna diqqət edilməlidir. Nəzərə almaq lazımdır ki, istehlakçının
aldığı bu cür mallarda yaranan qüsurların aradan qaldırılması ilə bağlı
tələbə ödənişi təsdiq edən nəzarət-kassa aparatının çeki, zəmanət
müddəti olan mallar üzrə isə texniki pasport və ya onu əvəz edən sənəd
təqdim edildikdə baxılır”, - deyə məlumatda bildirilir.
İstehlakçılardan uzunmüddətli istifadə üçün nəzərdə tutulan mallar
aldıqda qeyd olunan tələblərə əməl olunmaması halları ilə rastlaşdıqda
"195-2" Çağrı Mərkəzi, www.economy.gov.az internet saytı və "facebook"
səhifəsi vasitəsi ilə İqtisadiyyat Nazirliyinə, 498-15-01 və 498-15-04
nömrəli telefonlarla və www.consumer.gov.az internet saytı vasitəsilə
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət
Xidmətinə məlumat vermələri tövsiyə olunur.