Bu gün Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev yenidən qurulan Pirşağı-Novxanı dənizkənarı və
Binəqədi-Novxanı-Corat avtomobil yollarının açılışında iştirak edib.
XəzərXəbər xəbər verir ki, "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh
Məmmədov dövlət başçısına görülən işlərlə bağlı məlumat verib.
Bildirilib ki, Pirşağı-Novxanı avtomobil yolu dənizkənarı dairəvi yola birləşməklə Sumqayıt şəhərindən Abşeron
yarımadasının şimal və şimal-şərq hissələrinə rahat və maneəsiz
gediş-gəlişi təmin edəcək. Beləliklə, layihənin həyata keçirilməsi
nəticəsində Abşeron yarımadasının şimal-şərq hissəsindən şəhərə daxil
olmadan Bilgəh, Nardaran, Kürdəxanı, Pirşağı, Fatmayi, Goradil, Novxanı,
Saray, Masazır, Xırdalan və Sumqayıt istiqamətlərində hərəkət etməklə
avtomobillərin Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi və Bakı-Şamaxı-Yevlax
magistral yollarına çıxışı təmin ediləcək. Bu isə öz növbəsində Bakının
avtonəqliyyat sıxlığının azalmasına müsbət təsir göstərəcək.
Bu yol Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı ilə təsdiq edilmiş "2014-2016-cı illərdə Bakı şəhərinin və
onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na
uyğun olaraq Abşeron yarımadasının şimal hissəsində sahil boyu salınıb.
Yolun uzunluğu 13,5 kilometrdir. Layihəyə uyğun olaraq ikizolaqlı yolun
hərəkət hissəsinin eni 9 metrdir. Sahil boyunca bəzi ərazilərdə mövcud
yolun eni genişləndirilib. Həm Novxanı, həm də Pirşağı qəsəbələrindən
keçən hissələrində yolun eni 3-4 metrdən 9 metrə çatdırılıb. Bəzi
ərazilərdə isə yol tamamilə yeni tras üzrə inşa olunub. Belə ki,
vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yol
boyunca yeni piyada səkiləri də tikilib. Yolun bu cür müasir səviyyədə
inşası ilk növbədə nəqliyyatın hərəkətinin yüksək səviyyədə təmini, bu
istiqamətdə baş verə biləcək tıxacların qarşısının alınması, Bakı
şəhərinin qəsəbələrinin və kəndlərinin sakinlərinin sosial məsələlərinin
həlli baxımından böyük rol oynayır. Layihənin icrası həm də paytaxtın
dənizkənarı turizm məkanlarına daha tez və rahat çatmaq, turizm
sektorunun inkişafına dəstək vermək baxımından mühüm əhəmiyyət daşıyır.
Pirşağı-Novxanı avtomobil yolu Azərbaycan Prezidenti İlham Əliyevin
tapşırıqlarına əsasən, bu il reallaşdırılacaq 40 kənd və qəsəbələrarası
avtomobil yolu layihələrindən biridir. Avtomobil yolunun tikintisi
texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılıb.
Prezident İlham Əliyev yeni yolun rəmzi açılışını bildirən lenti kəsib.
Sonra dövlət başçısı yenidən qurulan Binəqədi-Novxanı-Corat avtomobil yolunun açılışında iştirak edib.
Azərbaycan Prezidentinin sərəncamına uyğun olaraq bu il ölkəmizdə
reallaşdırılan 40 kənd və qəsəbələrarası avtomobil yolu layihələri
çərçivəsində bu yol da müasir səviyyədə yenidən qurulub. Layihəyə uyğun
olaraq yolun hərəkət hissəsi 12,5 metrədək genişləndirilib. Yol iki
gediş, iki gəliş olmaqla dörd hərəkət zolağından ibarətdır. Layihə
çərçivəsində Novxanı qəsəbəsindən keçən hissədə yeni su və kanalizasiya
xətlərinin çəkilişi işləri də aparılıb. Yolun müxtəlif hissələrindəki
kəsişmələrdə yeni dairələr inşa olunub. Bu isə hərəkətin intensivliyini
və təhlükəsizliyini təmin etmək üçün mühüm rol oynayır. Bundan başqa,
Novxanı qəsəbəsində dəmir yolu və su kanalı üzərində yerləşən mövcud
körpülər də əsaslı şəkildə yenidən qurulub, onların eni 7 metrdən 12,5
metrə qədər genişləndirilib.
Qeyd edək ki, bu avtomobil yolu uzun müddət təmir olunmadığı üçün
deformasiyaya uğramışdı və yol boyu dağılmış hissələr yaranmışdı.
Üstəlik, bəzi ərazilərdə piyada səkilərinin olmaması vətəndaşların
normal və təhlükəsiz hərəkətinə də maneə yaradırdı.
Avtomobil yolunun tikintisi ilə bu problemlər köklü şəkildə aradan
qaldırılıb. Bu layihənin icrası nəticəsində 5 yaşayış məntəqəsinin 72
min nəfər əhalisinin gediş-gəlişi xeyli asanlaşıb.
Dövlət başçısı yeni yolun rəmzi açılışını bildirən lenti kəsib.