Respublikanın daxili işlər orqanları
tərəfindən informasiya texnologiyalarından istifadə edilməklə törədilən
kibercinayətlərlə mübarizə sahəsində keçirilən xüsusi əməliyyat tədbiri
nəticəsində 10 nəfərdən ibarət cinayətkar qrup ifşa olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən
XəzərXəbər-ə verilən məlumata görə, ilkin araşdırmalarla müəyyən edilib ki, qrup
üzvləri qanunsuz əldə etdikləri xarici ölkə vətəndaşlarına aid bank
kartlarından respublika ərazisində onlayn ödənişlər edib, müxtəlif
hesablara külli miqdarda pul vəsaiti köçürüb və vətəndaşların bank
hesablarından oğurluq etməyə cəhd göstəriblər.
Faktla bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq
Şöbəsində Cinayət Məcəlləsinin 177.2.3-1, 177.3.2 və 272.2.2-ci
(elektron məlumat daşıyıcılarından istifadə etməklə oğurluq, kompüter
məlumatlarını qanunsuz ələ keçirmə) maddələri ilə cinayət işi başlanıb.
İş üzrə Sumqayıt şəhər sakinləri Ruzigar Bəylərov, Həmid Əzimzadə, Səbuhi Quliyev, Bakı şəhər sakini Elnur Ağayev, Laçın rayonunda anadan olmuş Elxan Abdulkərimov və qrupun digər üzvləri müvafiq maddələrlə təqsirli bilinərək həbs olunub.
Hazırda onların analoji cinayət əməllərinin müəyyən olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.