Azərbaycan Güləş Federasiyası (AGF)
son günlər ölkə mətbuatında federasiyanın fəaliyyəti, o cümlədən milli
komandanın üzvlərinin üzləşdiyi çətinliklərlə bağlı dərc edilmiş
məlumatlarla əlaqədar bəyanat yayıb.
XəzərXəbər xəbər verir ki, AGF-in "facebook”
səhifəsində dərc olunan açıqlamada bildirilir ki, federasiya ictimai
birlik statusu daşıyır və öz fəaliyyətini məhz "İctimai birliklər
haqqında” Qanunun tələbləri əsasında qurur:
"Federasiyanın vəzifəsi güləş idman növünün inkişafına dəstək vermək,
ölkə yığma komandalarının heyətini formalaşdırmaq, onların ölkədaxili və
beynəlxalq yarışlarda iştirakını təşkil etmək, ölkəmizin beynəlxalq
arenalarda layiqincə təmsil etməsinə şərait yaratmaqdır. Federasiya öz
fəaliyyətini dövlət maliyyəsi ilə deyil, sponsor təşkilatların ayırdığı
maliyyə ilə tənzimləyir. Federasiyaların sponsorların hesabına fəaliyyət
göstərməsi qəbul edilmiş və geniş tətbiq edilən praktikadır. Bu
baxımdan federasiyaların maliyyə durumu bir çox hallarda məhz
sponsorların maliyyə vəsaitlərindən asılı olur. Bəzən müəyyən
çətinliklərin yaranması, maliyyələşmənin azalması təbii və anlaşılan
haldır və şübhəsiz ki, müvəqqəti xarakter daşıyır".
Bəyanatda qeyd olunub ki, ictimai birlik olaraq AGF-in idmançılara maaş
vermək kimi bir öhdəliyi yoxdur: "Sponsorlar tərəfindən maliyyə
ayrıldığı zaman federasiya rəhbərliyinin təşəbbüsü ilə idmançıların əldə
etdiyi nəticələrə uyğun olaraq yığma komandanın üzvlərinə maddi
yardımlar verilib. Belə yardımların verilməsi idmançıların ailə, məişət
problemlərinin həllində onlara dəstək vermək məqsədi daşıyıb. Eyni
zamanda bildiririk ki, yığma komandanın üzvləri Avropa və dünya çempionatlarında, eləcə də Olimpiya Oyunlarında əldə etdikləri nəticələrə görə ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin
imzaladığı sərəncamlara uyğun olaraq həm Milli Olimpiya Komitəsi, həm
də Gənclər və İdman nazirliyi tərəfindən mükafatlandırılır. Məlumat üçün
bildirmək istəyirik ki, Rio-de-Janeyro Yay Olimpiya Oyunları və
paytaxtımızda baş tutan IV İslam Həmrəyliyi Oyunlarında qazanılan
nailiyyətlərə görə mükafatlar da hər bir idmançıya ödənilib”.
Təlim-məşq toplanışlarının təşkilində problemlərin olması ilə bağlı
iradlara cavab olaraq isə qeyd edilib ki, AGF ictimai birlik kimi bu
sahədə fəaliyyətini müvafiq strukturlarla qarşılıqlı əməkdaşlıq
şəraitində həyata keçirir: "Yığma komandaların təlim-məşq toplantıları,
idmançıların vitaminlə təmin olunması, sağlamlıqlarına nəzarət və digər
məsələlər məhz aidiyyatı qurumlarla birlikdə həll olunur. Bir sıra
texniki çətinliklərin mövcudluğunu inkar etmirik, lakin bunlar həll
olunan məsələlərdir və tezliklə aradan qaldırılacaqdır. AGF idmançıların
narahatlığını anlayır, təbii qəbul edir və üzərinə düşən öhdəliklər
çərçivəsində mövcud çətinliklərin tezliklə aradan qalxacağını bildirir.
Federasiya ölkəmiz üçün hər birinin ayrıca dəyəri və yeri olan
güləşçilərimizi səbrli olmağa dəvət edir. Yaranmış kiçik narahatlıqları
böyütməyə, əldə olunan naliyyətlərə kölgə salmağa çalışanlara isə
bildiririk ki, idman çirkli oyunların yeri deyil. Bu vətən hamımızındır
və onun adının, bayrağının və nüfuzunun yüksəldilməsi üçün həm
güləşçilərimiz, həm də federasiya rəhbərliyi indiyədək əlindən gələni
edib və yenə də edəcəkdir”.