Xəzər Xəbər

Tələbələrin köçürülməsi, xaric edilməsi, bərpa olunması qaydaları təsdiqləndi

Gündəm | 17:03 • 31 İyul 2017
Tələbələrin köçürülməsi, xaric edilməsi, bərpa olunması qaydaları təsdiqləndi

Azərbaycanda ilk dəfə olaraq magistratura pilləsində tələbələrin köçürülməsinə icazə veriləcək

XəzərXəbər Apa-ya istinadən xəbər verir ki, Azərbaycanda ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsil alanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair müvəqqəti qaydalarda bir sıra yeniliklər edilib.

Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev bildirib ki, yeni qaydalarda bir neçə əhəmiyyətli yeniliklər var. Onun sözlərinə görə, yeni qaydalar ölkə vətəndaşları ilə yanaşı əcnəbi və vətəndaşlığı olmayan şəxslərin də respublikanın ali təhsil müəssisələrinə köçürülməsini tənzimləyir. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin respublikanın ali təhsil müəssisələrinə köçürülməsi zamanı minimal keçid balı ilə bağlı qoyulan tələb nəzərə alınmır.

Y.Piriyev qeyd edib ki, "Azərbaycanda ilk dəfə olaraq yeni qaydalara əsasən magistratura pilləsində tələbələrin köçürülməsinə icazə verilir. Ali məktəblərin magistratura səviyyəsində təhsil alan tələbələr I tədris ilində, I semestrdən sonra eyni ixtisas (ixtisaslaşma) üzrə bir ali təhsil müəssisəsindən digərinə köçürülə bilər.

Azərbaycan təhsil sistemi 2005-ci ildən Boloniya sisteminə qoşulmasına baxmayaraq ilk dəfə olaraq magistratura səviyyəsi üzrə köçürülmə aparılacaq. Yeni qaydalara əsasən, bərpa olunan, təhsil alma formasını dəyişən və ya köçürülən (dövlət sifarişi əsasında təhsil alanların eyni ixtisas üzrə köçürülməsi istisna olmaqla) tələbələr təhsil alacağı qrup üçün müəyyən edilmiş məbləğə uyğun təhsil haqqı ödəyəcək”.

Aparat rəhbəri müavinin sözlərinə görə, yeni qaydalarda əsasən, ölkə daxili köçürülmələrdə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında tələbələrin topladığı bal aşağıdakı hallarda nəzərə alınmayacaq:

"Bakıda yerləşən dövlət ali təhsil müəssisələrindən ölkənin regionlarında (Sumqayıt şəhəri istisna olmaqla) yerləşən ali təhsil müəssisələrinə köçürüldükdə, həmçinin bakalavriat səviyyəsində (hüquqşünaslıq və baza ali tibb ixtisasları istisna olmaqla) ölkənin bir regionunda yerləşən ali təhsil müəssisəsindən digər regionda yerləşən (Bakı və Sumqayıt şəhərləri istisna olmaqla) ali təhsil müəssisəsinə (öz ixtisası üzrə köçürüldükdə) köçürülən zaman tələbənin qəbul imtahanında topladığı bal nəzərə alınmayacaq. Tələbə bakalavr səviyyəsində (hüquqşünaslıq və baza ali tibb ixtisasları istisna olmaqla) təhsil aldığı ixtisas üzrə akademik məzuniyyətdən qayıtdıqda, eləcə də universitetdən xaric olunduğu halda bərpa olunan zaman öz ixtisası üzrə kadr hazırlığı aparılmadıqda həmin müəssisədə eyni ixtisas qrupuna daxil olan digər ixtisasa bərpa oluna bilər. Tələbə ölkənin ali təhsil müəssisələrinə beynəlxalq səviyyəli imtahanlarda

qazandığı nəticələr (SAT, TOEFL, İBT, İELTS və s) əsasında qəbul olunarsa, onların sonradan köçürülməsi zamanı bal məhdudiyyəti qoyulmur. Magistratura səviyyəsində akademik məzuniyyətdən qayıtdıqda əvvəl təhsil adlığı ali təhsil müəssisəsində öz ixtisası (ixtisaslaşması) üzrə kadr hazırlığı aparılmadıqda öz ixtisaslaşması üzrə digər ali təhsil müəssisəsinə və ya həmin müəssisədə öz ixtisasına daxil olan digər ixtisaslaşma üzrə tələbələr sırasına daxil edildikdə tələbənin qəbul imtahanında topladığı bal nəzərə alınmayacaq”.

Y.Piriyev bildirib ki, yeni qaydalarda xarici ölkə ali təhsil müəssisələrində qiyabi təhsil alan tələbələrin ölkənin ali təhsil müəssisələrinə köçürülməsi nəzərdə tutulmur. Onun sözlərinə görə, DİM tərəfindən keçirilən imtahanlarda iştirak etmədikləri halda xarici ölkə ali təhsil müəssisələrində əyani təhsil alan Azərbaycan vətəndaşlarının ölkənin ali təhsil müəssisələrinə köçürülməsi məsələsinə baxılması zamanı tələbənin beynəlxalq səviyyəli imtahanlarda qazandığı nəticələr (SAT imtahanından yeni şkala üzrə ən azı 1000 bal (riyaziyyat üzrə ən azı 560 bal), TOEFL İBT imtahanından ən azı 75 bal, İELTS imtahanından ən azı 6 bal), qənaətbəxş akademik göstəriciləri, köçürülmə səbəbləri və təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələri reytinqlərində yer alması nəzərə alınır. Ölkə daxilində bir ali təhsil müəssisəsindən və ya ixtisasından digərinə köçürülmək, xarici ölkə ali təhsil müəssisələrindən ölkənin ali təhsil müəssisələrinə köçürülmək və ya bərpa olunmaq, eləcə də təhsil alma formasını dəyişmək istəyən tələbələr müvafiq sənədləri əlavə etməklə Təhsil Nazirliyinin www.transfer.edu.az elektron portalına müraciət etməlidir. Əvvəlki qaydalardan fərqli olaraq burada "Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən ali təhsil müəssisələrindən xaric edilmiş şəxslərin 6 ay müddətində ali məktəbə bərpa olunma imkanları da qeyd olunmuşdur. Həmin tələbələr 6 ay müddətində bərpa olunmadıqda onlar çağırışa möhlət hüquqlarını itirir və ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Ali təhsilin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsilində tələbələr sırasından xaric olunmuş şəxslər xaric olunma vaxtından bir semestr keçdikdən sonra 15 il müddətində ali təhsil müəssisəsinə bərpa olunmaq hüququna malikdirlər”.

Aparat rəhbərinin müavini qeyd edib ki, köçürülmə zamanı tələbənin köçürülməsinin "köçürülmək istədiyi ali təhsil müəssisəsinə müvafiq ixtisas üzrə qəbul planı ilə müəyyən edilmiş tələbələrin say həddi gözlənilməklə aparılması” tələbi aradan götürülüb. Onun sözlərinə görə, bu, qaydalarda edilən əsas yeniliklərdən biridir: "Əvvəlki qaydalara əsasən, tələbə yalnız ali məktəblər tərəfindən müvafiq ixtisas üzrə boş yer verildiyi halda köçürülə bilərdi. Başqa sözlə əvvəlki qaydalarda bununla bağlı müəyyən məhdudiyyət var idi. Hazırda bu məhdudiyyət aradan qaldırılıb və ölkənin ali məktəblərinə köçürülmə zamanı (hüquqşünaslıq və baza ali tibb ixtisasları istisna olmaqla) yerlə bağlı heç bir məhdudiyyət yoxdur”.

Xəbər lenti