Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Hacıqabulda törədilən dəhşətli cinayətlə bağlı birgə məlumat yayıb.
Baş Prokurorluğun mətbuat xidmətindən
XəzərXəbər-ə daxil olan birgə məlumatda qeyd olunur ki, iyulun 31-də saat 06 radələrində Hacıqabul
şəhər sakinləri Nazim, Gülbadam, Bibilə və Namiq Qənbərovların
yaşadıqları evdə odlu silahla qətlə yetirilmələri, ailənin digər üzvü
Məmməd Qənbərovun isə ağır bədən xəsarətləri ilə xəstəxanaya daxil
olması və Mübariz Mehtiyevin odlu silahdan atəş açaraq intihar etməsi
barədə daxil olmuş məlumat əsasında rayon prokurorluğu və Polis
Şöbəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə
hadisə yerinə və meyitlərə baxış keçirilmiş, oradan cinayətin aləti olan
ov tüfəngi və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar
götürülmüş və zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Hacıqabul rayon prokurorluğunda Cinayət Məcəlləsinin
120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam
öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə), 29, 120.2.4
(xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə
cəhd), 29, 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və
228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və daşıma)
maddələri ilə cinayət işi başlanmış, iş üzrə müvafiq ekspertizalar təyin
edilib.
İlkin araşdırmalarla əvvəllər məhkum olunmuş M.Mehtiyevin şəxsi
münasibətlər zəminində M.Qənbərovdan qisas almaq niyyətilə onun yaşadığı
evə gələrək qoşalüləli ov tüfəngindən atəş açaraq sonuncunu qəsdən
öldürməyə cəhd etməsi və ailə üzvlərini qəsdən öldürməsi, sonra isə
özünə atəş açaraq intihar etməsi müəyyənləşdirilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.