Təhsil naziri Mikayıl Cabbarov "Ali təhsil
müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb
təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, tələbələr
sırasından xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət
götürülməsinə dair müvəqqəti Qaydalar"ı təsdiqləyib.
Təhsil Nazirliyindən
XəzərXəbər-ə verilən məlumata görə, yeni qaydalara əsasən, ali təhsilin
bakalavriat səviyyəsində, tibb təhsilinin əsas tibb təhsili üzrə
tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi,
ixtisasının və (və ya) təhsilalma formasının dəyişməsi, tələbələr
sırasına bərpası və akademik məzuniyyətdən qayıtması qış və yay tətili
dövründə həyata keçirilir. Ali təhsilin magistratura səviyyəsində
tələbələrin bir ixtisasdan (ixtisaslaşmadan) digərinə köçürülməsinə yol
verilmir. Həmin səviyyədə təhsil alan tələbələr yalnız təhsilalma
formasını dəyişmək, 1-ci tədris ilində eyni ixtisas (ixtisaslaşma) üzrə
bir ali təhsil müəssisəsindən digərinə köçürülmək, xaric olunanlar isə
öz ixtisası (ixtisaslaşması) üzrə əvvəl təhsil aldığı ali təhsil
müəssisəsinə bərpa olunmaq hüququna malikdirlər.
Bir ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən və
tələbələr sırasına bərpa olunan şəxslər (dövlət sifarişi əsasında təhsil
alanların eyni ixtisas üzrə köçürülməsi istisna olmaqla) təhsillərini
yalnız ödənişli əsaslarla davam etdirirlər.
Akkreditə olunmayan xarici ölkə ali təhsil müəssisələrinin tələbələrinin
Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə köçürülməsinə və ya bərpa olunmasına yol verilmir.
Qaydalarda qeyd edilir ki, tələbələrin ixtisasını və (və ya) təhsilalma
formasını dəyişməsi, bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi
birinci semestr başa çatdıqdan sonra həyata keçirilir. Xarici ölkə ali
təhsil müəssisələrində qiyabi təhsil alan tələbələrin ölkənin ali təhsil
müəssisələrinə köçürülməsi aparılmır.
Ölkə daxilində bakalavriat səviyyəsində, tibb təhsilinin əsas tibb
təhsili üzrə tələbələrin bir ali təhsil müəssisəsindən digərinə
köçürülməsi, təhsilalma formasını və ya ixtisasını dəyişməsi o şərtlə
aparıla bilər ki, Dövlət İmtahan Mərkəzi (bundan sonra -DİM) tərəfindən
keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu
ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə
minimal keçid balından az olmasın.
Magistratura səviyyəsinin 1-ci tədris ili müddətində tələbələrin öz ixtisası
(ixtisaslaşması) üzrə bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi və ya təhsilalma
formasını dəyişməsi o şərtlə aparıla bilər ki, DİM tərəfindən keçirilən qəbul
imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil
müəssisəsində müvafiq ixtisas (ixtisaslaşma) üzrə minimal keçid balından az olmasın.
"Hərbi vəzifə və hərbi xidmət haqqında" qanununa əsasən ali təhsil
müəssisələrindən xaric edilmiş şəxslər 6 ay müddətində ali təhsil
müəssisəsinə bərpa olunmadıqda çağırışa möhlət hüquqlarını itirirlər və
ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Möhlət
hüququnu itirmiş şəxslər barədə rəsmi məlumat bir həftə müddətində ali
təhsil müəssisəsinin rektoru tərəfindən onların hərbi uçotda olduqları
dövlət qurumuna verilir.
Ali təhsilin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin
əsas tibb təhsilində tələbələr sırasından xaric olunmuş şəxslər xaric
olunma vaxtından bir semestr keçdikdən sonra 15 il müddətində ali təhsil
müəssisəsinə bərpa olunmaq hüququna malikdirlər.