İstehlak bazarında keyfiyyətsiz malların satışının qarşısının alınması məqsədilə İqtisadiyyat Nazirliyinin həyata keçirdiyi tədbirlər çərçivəsində müxtəlif ticarət obyektlərində satışda olan malların ilkin laborator müayinəsi zamanı "Hicaz 313” MMC tərəfindən istehsal olunan ət məhsullarının tərkibində insanların həyat və sağlamlığı üçün təhlükə yaradan mikroorqanizmlərin normativ sənədlərlə yol verilən miqdardan artıq olduğu müəyyən edilib.
Nazirliyin mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, bu pozuntuların daha çox istehsal mənşəli olduğu nəzərə alınaraq, qanunvericiliyin tələblərinə uyğun olaraq İqtisadiyyat və Səhiyyə nazirliklərinin nümayəndələri tərəfindən "Hicaz 313" MMC-yə məxsus istehsalat sahəsində birgə nəzarət tədbirləri həyata keçirilib, məhsulların müayinəsi üçün nümunələr götürülüb.