Heydər Əliyev Fondunun
təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin və "Gilan Holdinq”in
dəstəyi ilə keçirilən IX Qəbələ Beynəlxalq Musiqi Festivalının iyulun
30-da rəsmi açılış mərasimi olub.
Qəbələ şəhərindəki Heydər Əliyev
Konqres Mərkəzinin qarşısında quraşdırılan açıq səhnədə keçirilən
mərasimdə ölkəmizdə musiqi mədəniyyətinin inkişafında və təbliğində
müstəsna rol oynayan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevanın festival iştirakçılarına təbrik məktubu oxunub.
Məktubda deyilir: "Hörmətli festival iştirakçıları, əziz dostlar!
Sizi - IX Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçılarını ürəkdən
salamlayır, festivalın işinə uğurlar diləyir, hər birinizə xoş
arzularımı çatdırıram. Əsrlər boyu sivilizasiyalararası dialoqun
inkişafına öz töhfəsini verən Azərbaycan tarixən xalqlararası birliyin
gücləndirilməsinə səy göstərib. Mədəni-mənəvi inteqrasiyanın
səmərəliliyini artıran hər bir layihə bizim üçün çox dəyərlidir. Son
illər ölkəmizdə keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər Azərbaycanın
təməl prinsiplərinin sülh və humanizm olduğunu bir daha sübut edərək
dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq bütün
xalqların nümayəndələrini bir araya toplayır.
Fərəhləndirici haldır ki, nüfuzu ildən-ilə artmaqda olan Qəbələ
Beynəlxalq Musiqi Festivalı da mədəniyyətlərarası dialoqa böyük töhfə
verən əhəmiyyətli bir tədbir kimi tanınmaqdadır. Ayrı-ayrı ölkələrdən
çoxsaylı musiqiçilərin iştirak etdiyi bu dostluq və musiqi bayramı
Azərbaycanın dünyada multikulturalizm və tolerantlığın uğurlu
modellərindən biri kimi tanıdılması ilə yanaşı, müxtəlif ölkələri təmsil
edən musiqiçilərə ünsiyyət və əməkdaşlıq üçün əlverişli şərait
yaradaraq, sivilizasiyalararası dialoqun möhkəmləndirilməsinə öz
töhfəsini verir.
Əminəm ki, maraqlı və rəngarəng musiqi proqramının təqdim olunacağı
builki festival qonaqlarımızın yaddaşında, Azərbaycan musiqi mədəniyyəti
tarixində mənalı səhifələrdən biri kimi qalacaqdır. Festivalda iştirak
edən hər kəsə cansağlığı, bütün yaradıcı insanlara tükənməz nailiyyətlər
arzulayıram”.
Sonra Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik
Orkestrinin konserti başlayıb. Konsertdə dahi bəstəkar Üzeyir
Hacıbəylinin "Leyli və Məcnun” operası ifa olunub. Orkestri Bakı
Musiqi Akademiyasının professoru, Əməkdar İncəsənət Xadimi, Xalq
Artisti, dirijor Cavanşir Cəfərov müşayiət edib. Xorun təqdim etdiyi
əsər Əməkdar İncəsənət Xadimi, rejissor Hafiz Quliyevin quruluşunda
səhnələşdirilib. Orkestrin solistləri isə tanınmış xanəndələr Elnur
Zeynalov, Arzu Əliyeva, Afaq Ağayeva, Mütəllim Dəmirov, Təyyar Bayramov,
Nəzər Bəylərov, Taleh Yəhyayev (bariton) və Cahangir Qurbanov (bariton)
olub. İllərin sücgəcindən keçərək öz aktuallığını qoruyub saxlayan
"Leyli və Məcnun” operası bu gün də tamaşaçıların alqışları ilə
qarşılanıb.
Musiqisevərlərin çoxdan gözlədiyi Qəbələ Beynəlxalq Musiqi Festivalı
artıq iki gündür ki, öz qapılarını yenidən sənətsevərlərin üzünə açıb.
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 2009-cu ildən keçirilən
festival ildən-ilə böyüyən tamaşaçı auditoriyası və ahəngdar musiqi
keyfiyyəti ilə diqqəti cəlb edir. Qəbələ Beynəlxalq Musiqi Festivalının
builki proqramı da hər il olduğu kimi çox zəngindir. Festivalın
proqramına uyğun olaraq Qəbələ səhnəsində Azərbaycanın və dünyanın dahi
bəstəkarlarının əsərləri səsləndirilir. Gənc ifaçılarla yanaşı, dünya
şöhrətli musiqiçilər də səhnəyə çıxırlar. Burada klassik və kamera
musiqisi, muğamlarımız ifa olunur.
Avqustun 3-dək davam edəcək Qəbələ Beynəlxalq Musiqi Festivalında Rusiya, İsrail, ABŞ,
İtaliya, Litva, Sloveniyadan dünya şöhrətli dirijorlar, görkəmli
musiqiçilər, bədii kollektivlər, solistlər Oksana Yablonskaya, Dmitri
Yablonski, Janna Qandelman, Mixael Slatkin, Moyka Zlobko Vayql, Massimo
Merçelli, Stefen Deitz, Anna Serova, Roberto Molinelli, Nomeda Kazlaus
və başqaları iştirak edəcəklər. Festival günlərində Ü.Hacıbəyli adına
Azərbaycan Dövlət Simfonik, Azərbaycan Dövlət Akademik Opera və Balet
Teatrının Simfonik, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Baku
Chamber Orchestra” Kamera, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının
Tələbə Simfonik, "Femusa” Kamera orkestrlərinin, "Clarte” klarnet
kvartetinin, "Furioso” kvartetinin konsertləri olacaq.