Xəzər Xəbər

DİN və BMqT arasında bəyannamə imzalanıb - FOTO

Gündəm | 17:01 • 29 İyul 2017
DİN və BMqT arasında bəyannamə imzalanıb -

Gəncədə BMT-nin Miqrasiya Təşkilatı (BMqT) tərəfindən İnsan Alverinə Qarşı Dünya Mübarizə Günü ilə əlaqədar tədbir keçirilib. Tədbir Daxili İşlər Nazirliyinin (DİN) təşkilati dəstəyi, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi ilə təşkil olunub.

DİN-in mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, "Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə potensialların artırılması" layihəsi çərçivəsində keçirilən tədbirdə DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis polkovniki Heydər Heydərov, BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprak, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının hüquq şöbəsinin müdiri Xaqani Əbdüləzimov, USAID-in Azərbaycan nümayəndəliyinin icraçı direktoru Rəndol Olson, aidiyyəti dövlət və qeyri-dövlət qurumlarının, diplomatik nümayəndəliklərin, beynəlxalq təşkilatların və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri S.Aktoprak miqrantların hüquqlarının müdafiəsinin təmin olunması sahəsində Dövlət Miqrasiya Xidməti ilə sıx əməkdaşlıq etdiklərini bildirib. İnsan həyatının xilas olunmasının önəmindən danışan Serhan Aktoprak bu sahədə vətəndaş cəmiyyətini daha fəal olmağa səsləyib.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının hüquq şöbəsinin müdiri X.Əbdüləzimov insan alveri və qanunsuz miqrasiya haqqında danışıb. X.Əbdüləzimov bu istiqamətdə əməkdaşlıq etməyin vacibliyini vurğulayıb, habelə Gəncədə həmin sahədə görülən işləri qeyd edib.

DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis polkovniki H.Heydərov görülən tədbirlər nəticəsində insan alverindən əziyyət çəkənlərin ilbəil azaldığını vurğulayıb.

USAID-in Azərbaycan nümayəndəliyinin icraçı direktoru R.Olson əməkdaşlığın əhəmiyyətindən danışaraq, yalnız bu yolla insan alverinin qarşısını almağın mümkün ola biləcəyini deyib.

Plenar iclas şəklində davam edən tədbirdə DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi ilə BMqT-nin Azərbaycandakı nümayəndəliyi arasında birgə bəyannamə imzalanıb.

Xəbər lenti