Xəzər Xəbər

Azərbaycan ilə Makedoniya arasında əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb

Gündəm | 15:24 • 29 İyul 2017
Azərbaycan ilə Makedoniya arasında əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb

Azərbaycan Respublikasının Türkiyə Respublikasında və eyni zamanda, Makedoniya Respublikasında akkreditə olunmuş səfiri Faiq Bağırov bu ölkənin xarici işlər naziri Nikolay Dimitrov ilə görüşüb.

Skopye şəhərində keçirilən görüşdə iki ölkə arasındakı siyasi münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə edilib, ikitərəfli əməkdaşlığa dair bir sıra məsələlər müzakirə olunub. Söhbət zamanı iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi üçün siyasi münasibətlərin dərinləşdirilməsinin vacibliyi vurğulanıb. Makedoniya ilə Azərbaycan arasında bütün sahələrdə, xüsusilə iqtisadi, ticarət, turizm, nəqliyyat sahələrində əlaqələrin böyük potensiala sahib olduğu qeyd edilən görüşdə əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Səfir son illərdə Azərbaycan tərəfindən həyata keçirilən beynəlxalq enerji və nəqliyyat layihələri barədə ətraflı məlumat verib. O, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin Makedoniya tərəfindən dəstəklənməsinə görə minnətdarlığını ifadə edib.

Nazir Nikolay Dimitrov son illərdə Azərbaycanda keçirilən mötəbər tədbirlərdən məlumatlı olduğunu, Makedoniya Respublikasının Prezidenti George İvanovun Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan forumda mütəmadi iştirak etdiyini söyləyib. O diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Makedoniya Prezidenti George İvanovun davamlı təmasları ölkələr arasındakı siyasi dialoqun inkişafına böyük töhfə verir.

Tərəflər ölkələrimiz arasında siyasi, iqtisadi və konsulluq sahələrində əməkdaşlığın genişləndirilməsi və daha da inkişaf etdirilməsi üçün hər iki ölkənin Xarici İşlər nazirlikləri arasında ikitərəfli məsləhətləşmələr planının işlək vəziyyətə gətirilməsi üçün hazır olduqlarını bildiriblər.

Görüşdə Faiq Bağırov Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun makedoniyalı nazirə ünvanlanmış təbriklərini və Bakıya səfər etməsi üçün dəvətini çatdırıb. (AZƏRTAC)

Xəbər lenti