İyulun 28-də müdafiə naziri,
general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının
Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Səid Xan Mohmand ilə
görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən
XəzərXəbər-ə verilən məlumata görə, görüşdə hərbi, hərbi-texniki və hərbi təhsil
sahələrində də əməkdaşlığın uğurla davam etdiyi qeyd olunub.
Görüşdə hərbi əməkdaşlığın hər iki ölkənin maraqlarına cavab verdiyi
əsas gətirilərək bu istiqamətdə səylərin daha da artırılmasının
zəruriliyi vacib hesab edilib. Hərbi-texniki əməkdaşlıq çərçivəsində
həyata keçirilən layihələri yüksək qiymətləndirən tərəflər Pakistandan
əldə edilən "Super Muşak” təyyarələrinin Azərbaycanın hərbi pilotlarının döyüş vərdişlərinin təkmilləşdirilməsində mühüm rol oynayacağını qeyd ediblər.
Sonra səfir ölkəmizdə fəaliyyət müddəti başa çatmış hərbi attaşe
polkovnik Syed İmran Əli və bu vəzifəyə yeni təyin olunan polkovnik
Nadem Yaqub Çaudrini Müdafiə nazirinə təqdim edib.
General-polkovnik Z.Həsənov Azərbaycanda fəaliyyət müddətində
ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsi istiqamətində
göstərdiyi səylərə görə polkovnik Syed İmran Əliyə təşəkkürünü bildirib,
ona gələcək işlərində uğurlar arzulayıb. Yeni hərbi attaşeni
Azərbaycanda hərbi-diplomatik missiyasına başlaması münasibətilə təbrik
edən nazir ona ölkələrimizin Silahlı Qüvvələri arasında əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində fəaliyyətində uğurlar arzulayıb.