Xəzər Xəbər

Ötən ay 90-dan çox sürüşmə hadisəsi qeydə alınıb

Gündəm | 13:00 • 17 İyul 2017
Ötən ay 90-dan çox sürüşmə hadisəsi qeydə alınıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planalma Ekspedisiyasının əsas fəaliyyət istiqamətlərindən biri geoloji planalma işləridir. İndi istifadə edilən müxtəlif miqyaslı geoloji xəritələri həmin ekspedisiyanın əməkdaşları hazırlayırlar. 1:50000 miqyaslı xəritələr də onların əməyinin məhsuludur.


Bu barədə ekspedisiyanın rəisi Əziz Qaralov AZƏRTAC-a məxsusi müsahibəsində məlumat verib.


Ə.Qaralov bildirib ki, planalma işlərinin aparılmasında əsas məqsəd ərazinin geoloji quruluşu ilə yanaşı, mövcud faydalı qazıntıların da əks olunmasıdır. Həmin xəritələr əsasında Milli Geoloji Kəşfiyyat Xidmətinin əməkdaşları kəşfiyyat işləri aparırlar. Bununla yanaşı, ağır metallar və radiasiya ilə çirklənmiş ərazilərin də xəritəsi tərtib olunur və həmin ərazilərdə radioaktiv-geokimyəvi və ekoloji işlər aparılır. Digər fəaliyyət istiqamətlərindən biri də ekzogen-geoloji proseslərin öyrənilməsidir. Həmin proses zamanı mövcud olan və yeni əmələ gələn sürüşmə sahələrində mütəmadi monitorinqlər aparılır. Abşeron yarımadasının müxtəlif yerlərində çoxsaylı ekzogen-geoloji prosesləri öyrənmək məqsədilə 1:10000 miqyaslı planalma işləri həyata keçirilir. Son vaxtlar Zığda, Masazırdakı Zəligöl ərazisində və Bayıl yamacında planalma işləri aparılıb. Ötən ay respublikanın müxtəlif ərazilərində 90-dan çox sürüşmə hadisəsi qeydə alınıb.


Qeyd edilib ki, bu yaxınlarda paytaxtın Suraxanı rayonundakı Günəşli yaylasında çökmə baş verib. Yaylanın çökmə sahəsində ərazidən keçən Zığ-Qum adası-Makarov bankası tektonik qırılma xəttinin təsirindən dik yamac istiqamətində qruntun oturması qeydə alınıb. Həmçinin torpaq qatında müxtəlif istiqamətli və ölçülü çatlar yaranıb. Tektonik qırılma olan ərazilərdə cüzi təsir nəticəsində lokal oturma və sürüşmələr baş verir. Təkcə sürüşmələr deyil, Abşeron yarımadasında subasmalar da qeydə alınıb. Məhəmmədi-Zabrat, Maştağa qəsəbəsinin Daş Karxanası ərazisində, Qala qəsəbəsində, Binəqədi rayonunun M.İbrahimov küçəsində subasma hadisələri olub.


Geoloji Planalma Ekspedisiyası ötən ay Xızı rayonunda manqan, qum-çınqıl, gilə, Gədəbəy rayonunun Ərtəpə ərazisində porfir tipli filizləşməyə təzahür verib. Bununla yanaşı, Qubanın Qonaqkənd və Qəbələ rayonu ərazilərində 1:50000 miqyaslı planlama işləri aparılır. Ekspedisiya proqnoza əsasən xammal ehtiyatlarını da hesablayır”, - deyə Ə.Qaralov bildirib.

Xəbər lenti