Xəzər Xəbər

Qəbul imtahanı başladı

Gündəm | 11:19 • 14 İyul 2017
Qəbul imtahanı başladı

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün 2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirir.

DİM-dən XezerXeber.az-a verilən məlumata görə, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmazda ümumilikdə 66 binada aparılır. İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlayıb və 3 saat davam edəcək. İmtahanların idarə olunmasına 242 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2728 nəzarətçi-müəllim cəlb edilib.

İmtahanlarda 34041 abituriyent iştirak edir. Onlardan 17888-i II qrup üzrə, 16153-ü III qrup üzrə imtahan verir.

İmtahan başa çatdıqdan dərhal sonra müstəqil ekspertlər tərəfindən test tapşırıqlarının ekspertizası aparılacaq. Həmin gün "Space” telekanalında canlı yayımlanan "Abituriyent” verilişində DİM-in məsul əməkdaşları və ekspertlər tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları, eyni zamanda, DİM-in internet saytında və Facebook səhifəsində yerləşdiriləcək.

Abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri imtahandan 3-4 gün sonra DİM-in internet saytında yerləşdiriləcək.

Xəbər lenti