Xəzər Xəbər

Geosiyasi təcrid: “erməni sindromu”

Gündəm | 16:34 • 12 İyul 2017
Geosiyasi təcrid: “erməni sindromu”

Ermənistanın siyasi və ekspert dairələri yeni bir təlaşa düşüblər. Onlar Şərq-Qərb əməkdaşlıq dəhlizinin formalaşmasında Azərbaycan, Türkiyə və Gürcüstanın təşəbbüsü ələ almasından bərk narahatdırlar. Bunu erməni analitik və ekspertlərin dərc etdikləri yazılardan aydın duymaq olur. Müxtəlif kontekstlərdə təqdim etsələr də, xüsusilə Azərbaycan diplomatiyasının həmin istiqamətdəki uğurlarını gizlədə bilmirlər. Bu sırada Azərbaycan Prezidenti İlham Əliyevin Polşaya olan səfərinə daha çox yer ayırırlar. Həmin səfər zamanı Polşa Prezidenti bir neçə fikrində konkret ifadə edib ki, "Yeni İpək Yolu" layihəsində Cənubi Qafqazda əsas tərəfdaşı Azərbaycandır. Buna görə də Varşava Bakı ilə əlaqələri genişləndirməkdə və dərinləşdirməkdə çox maraqlıdır. Əlavə olaraq, Polşa arzu edir ki, həmin prosesə İran və Hindistan da Azərbaycandan keçən nəqliyyat xətti vasitəsilə qoşulsun. Bununla bağlı konkret addımlar artıq atılır. Bütün bunlar onu göstərir ki, Ermənistan geosiyasi təcrid vəziyyətində çapalayır. Lakin onu bu vəziyyətə kriminal xunta rejiminin özü salıb.

Kənara atılmış ölkə: "Yeni İpək Yolu" İrəvandan yan keçir

Ermənistan indi də geosiyasi məsələlərdə şikayətçi olmağa başlayıb. Erməni ekspertlər "Yeni İpək Yolu" layihəsində İrəvanın iştirak edə bilməməsinin ağrısını çəkirlər. Onlar Pekinlə Bakı, Tbilisi, Ankara və Varşavanın əməkdaşlığını özlərinə və Rusiyaya qarşı təhlükə kimi təqdim etməyə çalışırlar. Söhbət, konkret olaraq, Şərq-Qərb dəhlizi üzrə geniş bir geosiyasi məkanda inkişaf etməkdə olan dövlətlərarası əlaqələrdən gedir.

Məsələ belədir ki, artıq "Yeni İpək Yolu" layihəsinin konkret reallaşma prosesi gedir. Burada Çin Mərkəzi Asiya-Cənubi Qafqaz-Şərqi Avropa marşrutu üzrə yüklərin daşınması ilə bağlı addımlar atmaqdadır. Həmin prosesdə Pekin Azərbaycana xüsusi önəm verir. Təkcə onu deyək ki, Çinin nəzarəti altında olan Asiya İnfrastruktur Sərmayə Bankı TANAP üçün kredit ayırıb. Bu təsadüfi deyil, çünki Azərbaycan Şərq-Qərb dəhlizinin yaranması istiqamətində çox ciddi fəaliyyət göstərir. Bu bağlılıqda dövlət başçısı İlham Əliyevin Polşada ifadə etdiyi fikir çox maraqlıdır.

Azərbaycan Prezidenti Polşa-Azərbaycan biznes forumunda çıxış edərkən vurğulayıb: "Bizim bütün qonşularımızla şimal, cənub və qərb istiqamətində dəmir yolu əlaqəmiz var... Artıq Çindən Avropaya gedən sınaq konteyner qatarları Azərbaycandan keçir. Beləliklə, Şərq-Qərb nəqliyyat dəhlizi demək olar ki, icra edilib... İndiki mərhələdə biz İranda dəmir yolunu tikmək üçün maliyyə dəstəyinin göstərilməsi məqsədilə iranlı qonşularımızla danışıqların ən son mərhələsindəyik. Bu dəmir yolu İran dəmir yollarını bizim dəmir yolları ilə birləşdirəcəkdir. Beləliklə, biz çoxsaylı dəhliz formatını, Azərbaycan ərazisindən keçən, Şimali Avropadan Hindistana qədər uzanan Şimal-Cənub və Çindən Qərbi Avropaya qədər uzanan Şərq-Qərb dəhlizlərini yaratmış olacağıq" (bax: Varşavada Azərbaycan-Polşa biznes forumu keçirilib /AZƏRTAC, 27 iyun 2017).

Polşa Prezidenti də eyni mövqedədir. Cənab Duda həmin tədbirdəki çıxışında ayrıca vurğulayıb ki, "...Azərbaycan ilə Polşa arasında əməkdaşlığın çox geniş perspektivləri var. Çünki bizim ölkələrimiz tarixi İpək Yolunun bərpasında xüsusi rol oynaya bilər" (bax: əvvəlki mənbəyə). Polşanın dövlət başçısı fikrini onunla əsaslandırıb ki, Azərbaycan mühüm daşımalar marşrutunda yerləşir. Yəni Odlar Yurdu Asiya ilə Avropa arasında geosiyasi körpüdür. Məhz Azərbaycanın bu reallığını nəzərə alaraq, onunla Cənub və Qərb, o cümlədən Qərb-Şərq arasında əməkdaşlığın inkişafını nəzərdə tutan saziş imzalanıb.

Prezident Duda fikirlərini inkişaf etdirərək deyib: "Həmçinin İranın da bu daşımalar marşrutuna qoşulmasını nəzərdə tuturuq. İstəyirik ki, digər tərəfdaşlar da bu işə qoşulsunlar və Şərq Tərəfdaşlığı çərçivəsində yeni bir layihə həyata keçirilsin. Biz dəmir yolunun məhz Cənub-Şərq hissəsinin şəbəkəmizə qoşulmasını təmin etmək istəyirik. Bu, bir növ Avropanın bütün Asiya ölkələrinə, regionuna çıxışını təmin edəcəkdir. Eyni zamanda, məhz bizim şəbəkələr Avropa İttifaqının bazarına böyük çıxışı təmin edir" (bax: əvvəlki mənbəyə).

Yenə də fiasko: tərəfdaşlar sırasında adı yoxdur

Bəs cənab Andjey Duda "digər tərəfdaşlar" deyəndə konkret kimləri nəzərdə tutub? Onun söylədiyi fikirlərdən aydın olur ki, söhbət Gürcüstan, Ukrayna, Hindistan və Mərkəzi Asiya ölkələrindən gedir. Yəni Ermənistanın bu prosesə qoşulmasına isti baxılmır. Erməni ekspertləri də ciddi narahat edən məsələnin məhz bu tərəfidir. Diqqət edilsə, görünür ki, rəsmi İrəvanın geosiyasi aspektdə bir dənə də olsun tərəfdaşı yoxdur. Bir zamanlar Ermənistan üçün həyat yolu olan İran belə Azərbaycan və Türkiyə vasitəsilə Avropaya çıxmaq arzusundadır.

Polşa və Azərbaycan prezidentləri konkret olaraq dəmir yolu marşrutlarının çəkilməsindən bəhs ediblər. Polşanın dövlət başçısı açıq deyib ki, Azərbaycan ilə Polşa arasında birbaşa dəmir yolu xəttinin Gürcüstan və Ukrayna ərazilərindən keçərək yaradılmasını da çox istəyirlər. Bunu olduqca əhəmiyyətli hesab edirlər. "Çünki bunun sayəsində bizim nəqliyyat dəhlizimiz, əslində, Çinin irəli sürdüyü "Bir kəmər, bir yol" layihəsi tam həyata keçirilir. Biz də bu layihənin bir hissəsiyik və bizim, həmçinin Hindistana və İrana çıxışımız təmin olunur" (bax: Azərbaycan və Polşa prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər /AZƏRTAC, 27 iyun 2017).

Bu fikirlərdən tamamilə aydındır ki, Ermənistan "Yeni İpək Yolu" marşrutunun kənarına atılıb. Onunla əlaqə saxlamaq istəyən yoxdur. Konkret Polşa isə Azərbaycandan keçməklə İran və Hindistana çıxış əldə etməyə üstünlük verir. Məsələnin başqa tərəfi Türkiyə faktoruna bağlıdır.

Erməni ekspertlər etiraf edirlər ki, Ankara bu prosesdə ciddi rol oynamaqdadır. Hətta strateji aspektdə Türkiyə kifayət qədər rasional addımlar atır. O cümlədən Bakı-Tbilisi-Qars dəmir yolunun zamanında istifadəyə verilməsi istiqamətində təmkinli mövqe tutmaqdadır. Bütün bunları nəzərə alaraq erməni analitiklər kədərlə yazırlar ki, "Azərbaycan, Türkiyə və Gürcüstan Xəzərlə Qara dənizdə Çinə böyük üstünlük verirlər" (bax: məs., Саркис Цатурян. Турция, Азербайджан и Грузия хотят отдать Каспий и Чёрное море на откуп КНР / "Regnum.ru", 5 iyul 2017).

Ümumi mənzərə aydındır. Azərbaycan diplomatiyası uğurlu addımları ilə konkret aspektlər üzrə dünyanın bir çox dövlətləri ilə səmərəli əməkdaşlıq sistemi yaradır. O cümlədən rəsmi Bakı "Yeni İpək Yolu" layihəsində Cənubi Qafqazın lider dövləti kimi iştirak etməyin lazım olduğunu tərəfdaşlarına anlada bilib. Bu aspektdə Polşa Azərbaycana böyük önəm verir. Hazırda İran və Hindistanın bu prosesə qoşulması istiqamətində ciddi addımlar atılır. Bunun üçün konkret layihələr təklif edilir. Onu deyək ki, bu məsələdə Türkiyə də çox aktiv iştirakçıdır.

Bunlardan belə nəticə alınır ki, Qərb-Şərq əməkdaşlıq dəhlizində Ermənistan yoxdur. O, faktiki olaraq, növbəti dəfə təcrid olunmuş duruma düşüb. Əslində, bu hal Ermənistanın bütövlükdə geosiyasi təcrid vəziyyətində olmasının təsdiqidir. Çünki digər beynəlxalq layihələri də xatırlasaq, onların heç birində İrəvanın iştirak etmədiyini görərik. Bu isə o deməkdir ki, Ermənistan geosiyasi təcrid vəziyyətinə düşüb. Onun yalnız Rusiya ilə sıx "hərtərəfli" əlaqəsi vardır. Ancaq bu iki dövlətin ayrıca uzunmüddətli davamlı inkişafa nail ola bilməsi şansı sıfırdır. Müasir dünya reallıqları bunu qətiyyən qəbul etmir.

Onda belə çıxır ki, rəsmi İrəvan növbəti dəfə geosiyasi dalana dirənib. Onun manevr məkanı çox daralıb. Bir qədər sonra bu mənzərə daha aydın görünəcək. Müxtəlif yerlərdə hay-küylə danışmalarına baxmayaraq, real olaraq Ermənistan tənha vəziyyətdədir. Onun böyük əməkdaşlıq formatlarının heç birində ismi yoxdur. Bu isə faktiki olaraq, Sarkisyan rejiminin xarici siyasətinin iflası deməkdir. Ermənistanın milli dövlət kimi formalaşa bilməməsinin çox ciddi əlamətidir. Ermənistan forpost ölkə, vassal dövlət statusundan kənara çıxa bilməyib. Onun bu mövqeni tərk edə biləcəyini göstərən faktorlar da yox dərəcəsindədir.

Hiss olunur ki, belə bir vəziyyət erməni siyasi və milli şüurunu ciddi narahat edir. Onlar çıxış yolları axtarırlar. Lakin bunu da səmimi surətdə edə bilmirlər. Müxtəlif "arqumentlər" uyduraraq yenə də özlərini aldadırlar. Nə etməli, bu, ermənilərin daxili problemidir. Belə davam etməklə tədrici olaraq özlərini toplum qismində məhv edirlər. Müasir dövrün çağırışlarına uyğun özünü yarada bilməyən cəmiyyətin taleyi qeyri-müəyyəndir. İrəvan günahkarı kənarda yox, özündə axtarmalıdır!

Newtimes.az

Xəbər lenti