İyunun 22-də təkbətək görüş başa
çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və
Moldova Respublikasının Prezidenti İqor Dodonun geniş tərkibdə görüşü
olub.
XəzərXəbər xəbər verir ki, ali qonağı salamlayan Prezident İlham Əliyev deyib:
-Hörmətli cənab Prezident.
Hörmətli qonaqlar.
Sizi Azərbaycanda
bir daha səmimi qəlbdən salamlayıram. Sizin gəlişinizə çox şadam. Biz
artıq ikitərəfli münasibətlərin mühüm məsələlərinə, regional problemlərə
dair fikir mübadiləsi aparmışıq. Bu gün biz artıq işimizi geniş
tərkibdə davam etdiririk. Əminəm ki, bu səfər əməkdaşlığımızın
möhkəmləndirilməsində çox mühüm addım olacaq, biz bunda maraqlıyıq.
Bunun üçün çox böyük potensial var. Bugünkü fikir mübadiləsi onu
göstərir ki, baş verən hadisələrə bizim yanaşmalarımız və
qiymətləndirmələrimiz arasında ümumi cəhətlər çoxdur.
Əlbəttə, bu gün biz münasibətlərimizin dinamik inkişafı üçün yaxşı təməl
qoyuruq. Həm siyasi dialoq sahəsində, həm də ticari-iqtisadi sahədə
bizim münasibətlərimizə dinamizm vermək lazımdır. Potensial var, hansı
məsələlərə diqqət yetirməyin lazım olduğunu bilirik. Düşünürəm ki,
səfərin yekunlarına əsasən müvafiq dövlət qurumlarına bütün zəruri
tapşırıqlar veriləcəkdir ki, hər istiqamət üzrə təbirlər planı müəyyən
edilsin və həmin plan reallaşdırılsın.
Beləliklə, mən çox şadam. Sizi bir daha salamlayıram və səfərinizin xoş keçməsini arzu edirəm.
***
Moldova prezidenti İqor Dodon çıxışında bildirib:
-Hörmətli İlham Heydər oğlu, çox sağ olun.
Hörmətli dostlar.
Çox şadam ki, biz – Moldova Prezidenti və Azərbaycan Prezidenti,
nəhayət, yüksək səviyyədə görüşdük. İndicə biz xatırladıq ki, son 8-10
ildə görüşməmişik. Buna görə bu görüşümüzü çox vacib hesab edirəm. Bu
gün biz ali siyasi səviyyədə ikitərəfli münasibətlərimizə yeni təkan
verəcəyik. Hökumətlərarası komissiyanın işində də çox böyük fasilə olub.
Mənim hökumətlərarası komissiyaya rəhbərlik etmək təcrübəm var. Mən bir
neçə il ərzində Moldova-Azərbaycan Hökumətlərarası Komissiyasının
Moldova tərəfdən rəhbəri olmuşam. Bizim çox böyük potensialımız var və
mən çox ümid edirəm ki, ali səviyyədə görüşün nəticələrinə əsasən ən
yaxın vaxtda hökumətlərarası komissiyanın işinə də yeni təkan verəcəyik.
Ümidvarıq ki, bu il hər iki tərəfdən nazirlərimizin də görüşü olacaq.
Hər halda daha fəal əməkdaşlıq etmək üçün bilavasitə konkret layihələr,
konkret addımlar nəzərdən keçiriləcək. Əlbəttə, bizim ticarət sahəsində
müsbət dinamika var. Keçən il bu sahədə artım 30 faizdən çox olub. Lakin
ticarətin həcminin 5 milyon dollara yaxın olması çox kiçik
göstəricidir. Ümidvaram, hökumətlərarası komissiya çərçivəsində bizim
biznesmenlərin də buraya, Bakıya səfərini təşkil edə biləcəyik ki, onlar
özlərinin potensial tərəfdaşları ilə görüşsünlər.