Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi (ƏƏSMN) və UNİCEF arasında 2016-2020-ci illərə dair Əməkdaşlıq
Proqramı çərçivəsində görülən işlər və gələcək fəaliyyət istiqamətləri
müzakirə olunub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən
XəzərXəbər-ə verilən məlumata görə, sağlamlıq imkanları məhdud uşaqların sosial
müdafiəsi və tibbi-sosial reabilitasiyası, uşaqların dövlət uşaq
müəssisələrinə düşməsinin qarşısının alınması, bunun üçün onların və
ailələrinin sosial xidmətlərə əlçatanlığının təmin olunması ölkəmizdə
aparılan sosial siyasətin əsas hədəflərindəndir. Bunu əmək və əhalinin
sosial müdafiəsi naziri Səlim Müslümov nazirlikdə BMT Uşaq Fondunun
(UNİCEF) ölkəmizdəki nümayəndəliyinin rəhbəri Edvard Karvardin ilə
görüşdə bildirib.
S.Müslümov Azərbaycan Prezidenti İlham Əliyevin
sosial inkişaf kursuna uyğun olaraq, ölkədə etibarlı sosial təminat
sisteminin formalaşdığını və bu sistemin əhatəliliyinin təmin olunduğunu
vurğulayıb: "Bu gün Azərbaycanın sosial təminat sisteminin əhatə
dairəsində olanların bir hissəsi də uşaqlardır. Hazırda sağlamlıq
imkanları məhdud uşaqlardan, müharibə əlillərinin, I və II qrup Çernobıl
AES əlillərinin, şəhid ailələrinin, müddətli hərbi xidmət
qulluqçularının, beşdən çox uşağı olan qadınların uşaqlarından, habelə
aztəminatlı ailələrdəki 1 yaşınadək uşaqlardan ibarət olmaqla ümumilikdə
102,2 min nəfər uşağa görə aylıq sosial müavinət ödənilir. Həmçinin
ailə başçısını itirməyə görə 24 250 ailəyə aylıq sosial müavinət, 118
167 ailəyə aylıq əmək pensiyası verilir və onların da ailə üzvlərinin
böyük əksəriyyəti, eləcə də ünvanlı sosial yardım alan ailələrdəki ailə
üzvlərinin demək olar ki, yarısı uşaqlardır”.
Nazir bildirib ki, bununla bərabər, nazirliyin 1 saylı və 2 saylı
sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində
ümumilikdə 331 nəfər sağlamlıq imkanları məhdud uşaq daimi dövlət
təminatında yaşayır və stasionar şəraitdə sosial xidmətlərlə təmin
edilirlər. Son illərdə Heydər Əliyev Fondunun dəstəyi ilə həmin
müəssisələrində ən müasir tələblərə uyğun yaşayış və reabilitasiya
şəraiti yaradılıb. Eyni zamanda Fondun dəstəyi nəticəsində Bakıda Xüsusi
qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzi fəaliyyətə
başlayıb: "Sağlamlıq imkanları məhdud uşaqlar üçün tibbi-sosial
reabilitasiya sisteminin yüksək standartlar səviyyəsində qurulması
yönündə də mühüm işlər aparılıb. Ötən ilin dekabr ayında nazirliyin Uşaq
Bərpa Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib.
Burada ən müasir tələblər səviyyəsində reabilitasiya şəraiti
yaradılıb”.
S.Müslümov nazirliyin sosial sifarişləri əsasında icra olunan sosial
xidmət layihələrinin böyük əksəriyyətinin sağlamlıq imkanları məhdud
uşaqların reabilitasiya yönümlü sosial xidmətlərlə təmin olunmasına,
müvafiq təbəqələrdən olan uşaqların dövlət uşaq müəssisələrinə
düşməsinin qarşısının alınmasına yönəldiyini qeyd edib.
Nazir bildirib ki, müvafiq təbəqələrdən olan uşaqların sosial müdafiəsi
və reabilitasiyası, onların sosial xidmətlərlə təminatı sahəsində
fəaliyyətin səmərəli təşkilində UNİCEF-lə əməkdaşlıq xüsusi önəm kəsb
edir: "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə UNICEF arasında
2014-2015-ci illər üzrə birgə Fəaliyyət Planına uyğun olaraq "Uşaq qayğı
sistemində islahatlar” üzrə birgə Tədbirlər Planının icrası, uşaqlarla
bağlı sosial xidmətlər sisteminin inkişafının texniki dəstəklənməsi, bu
sahədə peşəkar kadr resurslarının, nazirliyin tabeliyindəki bərpa
mərkəzlərinin sosial reabilitasiya imkanlarının artırılması, sosial
sifarişlər üzrə prioritetlərin müəyyənləşdirilməsi və s. kimi mühüm
istiqamətlərdə əməkdaşlıq həyata keçirilib. 2016-cı ilin may ayında Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və UNİCEF arasında 2016-2020-ci
illərə dair Əməkdaşlıq Proqramı çərçivəsində imzalanan "2016-2017-ci
illər üçün Uşaq Müdafiəsi və Sosial Müdafiəyə dair Dövri Fəaliyyət
Planı” əməkdaşlığımızın inkişafında mühüm rol oynayıb”.
E.Karvardin Azərbaycanda uşaqların sağlam və firavan böyümələri,
fiziki-mənəvi inkişafı üçün aparılan siyasəti yüksək dəyərləndirib. O,
ötən dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və UNICEF
arasında həyata keçirilən əməkdaşlıqdan məmnunluqla bəhs edib və birgə
fəaliyyətin qarşıdakı dövrdə uğurla davam etdirilməsi üçün yaxşı zəmin
formalaşdığını vurğulayıb.
Görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və UNİCEF arasında
2016-2020-ci illərə dair Əməkdaşlıq Proqramı çərçivəsində görülən işlər
və gələcək fəaliyyət istiqamətləri müzakirə olunub.