Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

“Kapitan Rəcəbov” buzqıran gəmisi satışa çıxarılır

20.08.2018 15:11

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən sentyabrın 18-də növbəti hərrac keçiriləcək.

Komitədən XəzərXəbər-ə verilən məlumata görə, budəfəki hərraca ümumilikdə 172 dövlət əmlakı çıxarılıb. Onlardan 23-ü səhmdar cəmiyyət, 88-i kiçik dövlət müəssisə və obyekti, 52-si qeyri-yaşayış sahəsi, 9-u isə nəqliyyat vasitəsidir.

Müasir texnologiyanın tətbiqi ilə keçirilən hərraclarda özəlləşdirilən dövlət əmlaklarının fəaliyyəti ölkədə sahibkarlığın inkişafına müsbət təsir göstərir. Hərraca çıxarılan müəssisə və obyektlərin müxtəlifliyi investorlara biznes planlarına uyğun obyekti seçmək imkanı yaradır. Elektron mühitə keçən prosedurlar isə hərracı daha da sadələşdirib. Belə ki, hər bir vətəndaş seçdiyi əmlaka elektron sifariş vermək, hərracın keçirildiyi məkana getmədən onlayn formada prosesdə iştirak etmək kimi üstünlüklərdən istifadə edə bilir.

Yevlax, Şəmkir, İsmayıllı, Biləsuvarda yerləşən səhmdar cəmiyyətlər müxtəlif iqtisadi sahələr üzrə fəaliyyət göstərir. Biləsuvar Broyler, Cəlilabad Məişət, İsmayıllı Təmir-Tikinti kimi səhmdar cəmiyyətlərin 30 faiz ilə 45 faiz intervalında olan səhm paketləri hərraca çıxarılıb.

Hərrac vasitəsilə özəlləşdirilməsi nəzərdə tutulan kiçik dövlət müəssisələri ərazi, qiymət və ümumi faydalı sahə baxımından müxtəlifdir. Bu dövlət əmlaklarının ümumi faydalı sahəsi 4 kvadratmetr ilə 2634 kvadratmetr aralığındadır. Xaçmaz rayonu, Xudat şəhəri, Heydər Əliyev küçəsində yerləşən Əmlak kompleksi investora müxtəlif biznes sahələrində gəlir gətirə bilər. Torpaq sahəsi ilə birgə özəlləşdirməyə çıxarılan bu obyektin ümumi faydalı sahəsi 237 kvadratmetrdir.

Ölkənin müxtəlif rayon və şəhərlərində yerləşən qeyri-yaşayış sahələrinin ümumi faydalı sahəsi 12 kvadratmetr ilə 376 kvadratmetr aralığındadır. İnvestor Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsindəki qeyri-yaşayış sahəsini gəlirli xidmət obyekti kimi istifadə edə bilər. Həmin obyektin ümumi faydalı sahəsi 36 kvadratmetrdir.

Bu dəfə hərraca buraxılış tarixləri 2005-2007 olan "KIA” və "Daewoo” markalı nəqliyyat vasitələri ilə yanaşı, gəmi də çıxarılıb. "Kapitan Rəcəbov” adına buzqıran gəminin buraxılış tarixi 1976-cı ildir.

Hərraca çıxarılan dövlət əmlakları haqqında ətraflı məlumat əldə etmək və elektron formada sifariş vermək üçün komitənin rəsmi saytında (emdk.gov.az) və Özəlləşdirmə portalında (privatization.az) müvafiq bölməyə daxil olmaq kifayətdir. Əmlak Məsələləri Dövlət Komitəsi hər kəsi canlı və onlayn formada hərracda iştirak etməyə və ya prosesi ziyarətçi kimi izləməyə dəvət edir.

© xezerxeber.az


124 dəfə oxunub

XƏBƏRLƏR

22.09.2018 17:21

Bu gecə saat 05:54-də...

ÇOX OXUNANLAR