Gənc istedadlar üçün xüsusi təqaüdün məbləği artırılıb

22.02.2018 18:35

Prezident İlham Əliyev Gənc istedadlar üçün xüsusi təqaüdün məbləğinin artırılması və "Gənc istedadlar üçün xüsusi təqaüdlər təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 13 sentyabr tarixli 662 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı”na adları yazılmış gənc istedadlar üçün xüsusi aylıq təqaüdün məbləği 2018-ci il martın 1-dən artırılaraq 400 (dörd yüz) manat müəyyən edilsin.

"Gənc istedadlar üçün xüsusi təqaüdlər təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 13 sentyabr tarixli 662 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 3, maddə 251; 2007, № 2, maddə 146) 1-ci hissəsində "300” rəqəmləri "400” rəqəmləri ilə əvəz edilir.

Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.

© xezerxeber.az


217 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR