Ermənilər ata-babalarını HEYRƏTƏ GƏTİRDİLƏR - “Xocalı şahidləri danışır”

22.02.2018 12:58

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində "Azərbaycan” qəzetinin nəşr etdiyi "Xocalı şahidləri danışır” kitabının təqdimatı keçirilib.

XəzərXəbər xəbər verir ki, Xocalıda dinc azərbaycanlı əhaliyə qarşı həyata keçirilən soyqırımı cinayətlərinin dünyada tanıdılması üçün mühüm mənbə olan kitab həmin faciəyə şahidlik etmiş 47 xocalılının acı xatirələrindən ibarət materialların toplusudur.

İdeya müəllifi Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri, tarix elmləri doktoru, professor Əli Həsənov olan kitabın redaktoru Milli Məclisin deputatı, "Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, buraxılışa məsul Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini, tarix üzrə fəlsəfə doktoru Ərəstun Mehdiyev, tərtibçisi isə "Azərbaycan” qəzetinin şöbə redaktoru İxtiyar Hüseynlidir. Kitab Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dəstəyi ilə nəşr olunub.


Tədbiri giriş sözü ilə açan Prezident yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov bildirib ki, Xocalı Soyqırımı XX əsrin ən dəhşətli faciəsidir:

"Bu hadisə ilə bağlı kifayət qədər sənədlər olsa da, təəssüf ki, bu faciəyə dünya ictimaiyyəti lazımi qiymət verməyib. Xocalı şahidləri 26 ildir ki, bu ağır yükü çiyinlərində daşıyırlar. Bu kitabda son iki il ərzində "Azərbaycan” qəzetində şahidlərin dərc olunmuş məqalələri toplanıb”.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadovun sözlərinə görə, Böyük Ermənistan xülyası ilə ermənilər Azərbaycana qarşı dörd dəfə iddialar irəli sürüblər: "Təəssüf ki, bəzi hallarda bu istəklərinə müəyyən qədər nail olublar. Böyük İmperiyanın səyi və düşünülmüş siyasət nəticəsində ermənilər Azərbaycan torpaqlarına yerləşdirilib. Böyük Ermənistan ideyalarını həyata keçirmək üçün bir əsrdə dəfələrlə terror hadisələrinə əl atıblar. Ermənilərin xalqımıza qarşı törətdiyi ən dəhşətli soyqırımı isə Xocalıda yaşandı. Ermənistan hər zaman Xocalıdakı qırğının təsadüf olduğunu deyir, lakin faktlar və hadisələr prosesin məqsədli olduğunu sübuta yetirir. Onların əsas məqsədi Xocalını yer üzündən silmək olub. Böyük Yaradan həmin gecə orada yaşananların başqalarına çatdırılması üçün sanki oradan şahidlərin qalmasına imkan yaradıb. Bu faciə nəticəsində 20 min şəhid vermişik, 50 min nəfər zərər çəkib. İqtisadiyyatımıza 800 milyarddan çox ziyan dəyib. İllər keçir maddi ziyan öz yerini doldurur, lakin həmin məcburi köçkünlərə dəyən mənəvi ziyanı qarşılamaq üçün əsrlər belə yetərli olmaz. Onların işğalçılıq siyasəti nəticəsində yüzlərlə soydaşımız sanitar qovşağı olmayan, yarımçıq tikililərdə, habelə insanın yaşaması mümkün olmayan yerlərdə yaşamağa məcbur qalıblar. Biz unutqan millətik. Hesab edirəm ki, milli kimliyimizdən gələn bu mənfi xüsusiyyət başımıza bəlaların gəlməsinin əsas səbəblərindəndir”.

G.Fərhadov Azərbaycan dövlətinin Xocalı şahidləri və şəhidlərinə hər zaman həssas yanaşdığını bildirib.

Milli Məclisin Sədr müavini Bahar Muradova qeyd edib ki, bu gün insan cildində insanlıq əleyhinə qarşı törədilən bu faciə haqqında danışmaq çox çətindir:

"Həmin cinayətkarlar törətdikləri faciədən fəxrlə danışır, lakin zaman gələcək onlar məhkum kimi cavab verəcəklər. Bu kitabın ərsəyə gəlməsində iştirak edən hər kəsə təşəkkürümü bildirirəm. Şahidlərlə müsahibələrdə iştirak edənlərin nə qədər çətinlik çəkdiyini anlayıram. Bu kitabı oxuyanlar hadisənin heç zaman unudulmamalı olduğunu bir daha dərk edəcək. Hesab edirəm ki, bu kitabların yazılması son dərəcə vacibdir. Bu fikirlər gələcəkdə ittiham aktının materialları ola bilər. Şəhidlərimiz haqq dünyasındadır, şahidlərin dilindən bu fikirləri bir kitabda toplamaqla onları tarixin faktına çeviririk. Bu faktları heç kim dəyişə bilməz. Fikrimcə, bu kitab tarixi məhkəmənin qurulması üçün önəmli faktlar toplusudur. Xocalı faciəsi məqsədli şəkildə baş verdiyi üçün onu heç zaman unuda bilmərik. Bu istiqamətdə ölkə prezidenti, müxtəlif təşkilatlar, Azərbaycan parlamenti, ictimaiyyətimiz vacib işlər həyata keçirir. Bu gün bir sıra təşkilatlarda Xocalı faciəsi ilə bağlı sənədlər qəbul edilib. Bu sənədlər faciəni törədənlərin cəzalarını alması üçün imkanlarımızı genişləndirir”.

Millət vəkili Rəfael Hüseynov 2001-ci ildə Avropa Şurası Parlament Assambleyasında Xocalı ilə bağlı ilk sənədin qəbul edildiyini deyib. Onun sözlərinə görə, bu sənədin qəbulunda təşəbbüskar Azərbaycan Prezidenti İlham Əliyev olub: " Bu sənədin qəbul edilməsi heç də asan olmadı. Bir vaxtlar ümumiyyətlə, bu faciənin törədildiyini dünya ictimaiyyəti qəbul etmək istəmirdi. Bu gün Xocalıda soyqırımı olduğunu ABŞ-ın bir sıra ştatları, dünya ölkələri qəbul edirsə, bu artıq həmin faciəyə dünya ictimaiyyətinin layiqli qiymət verməkdə olduğunu göstərir. Lakin hələ ki, faciəni törədənlər lazımi cəzalarını almayıb. İnanıram ki, tarix qarşısında həmin şəxslər cavab verəcəklər. Bu kitabda onu oxuyan hər kəsin qəlbinə toxunacaq məqamlar var. Çünki şəhidlər haqqında ən həssas ifadələr şahidlərin dilindən yazılır. Bu kitab məhz bu baxımdan da çox təsirlidir”.

Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov həm faciənin iştirakçısı, həm də məcburi köçkün kimi kitabın hazırlanmasının Xocalılar üçün çox dəyərli olduğunu deyib:

"Bu kitabda danışan şahidlərin bir çoxunu faciədən əvvəl də tanıyırdım. Bu gün onların üzünə baxanda içində bir faciə yaşadığını görmək çətin olmur. Qarşıdan Novruz bayramı gəlir, insanlar bu günlərdə doğmalarının qəbirlərini ziyarət etmək istəyir. Lakin Xocalılar 26 ildir bu arzudan məhrumdurlar. Beynəlxalq Təşkilatların bu faciəyə dəyər verərək xocalıların illərdir çəkdiyi mənəvi əzabları nəzərə almalarını istərdik. Bu kitabı hazırlayan hər kəsə minnətdarlıq edirik”.

Xocalı sakini Mehriban Əliyeva faciədə yaşadığı sonuncu dəhşətli gecədən danışıb:

"Danışmaqla Xocalı faciəsində yaşananları bitirmək mümkün deyil. Xocalı sakinlərinin soyqırımı günü yaşadıqları bir kitaba sığmaz. Törətdikləri faciə azmış kimi ermənilər Xocalıda yaşananları kitablarında yazırlar. Onlar bu faciə ilə fəxr edirlər. Xocalıların ən böyük dəstəkçisi ümummilli lider Heydər Əliyev oldu. İnanırıq ki, onun davamçısı İlham Əliyev də xocalıları öz doğma yurdlarına qaytaracaq”.

Millət vəkili Rəfael Cəbrayılovun sözlərinə görə, Xocalı soyqırımı son bir əsrdə azərbaycanlılara qarşı törədilmiş ən dəhşətli faciələrdən biridir:

"Ermənilər bu faciəni törətməklə ata-babalarını belə heyrətə gətirəcək üsullardan istifadə etdilər. Kitabda bu məqamın önə çəkilməsini yüksək dəyərləndirirəm. Bu kitabda şahidlərin dilindən yazılmış hər bir məqalə soyqırımı sözünün tərifi ilə bağlı beynəlxalq konvensiyalara uyğun gəlir”.

"Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov qeyd edib ki, Xocalı bizim qanı axan, sağalmayan yaramızdır:

"Xocalı milli fəlakət, bizi geri çağıran, qisasa haraylayan faciədir. Xocalıda şəhid verməyən ailə yoxdur. 180 səhifəlik bu kitabda şahidlərin dilindən müsahibələr dərc olunub. Lakin bu müsahibələri bir dəfəyə oxumaq mümkün deyil. Bu kitab Leyla Əliyevanın "Xocalıya ədalət” aksiyasının bir parçası, yeni faktların bir araya gətirilməsi üçün dəyərli mənbədir. Xocalıda bizim müstəqillik arzumuza verilən cəzadır. Bu faciənin törədilməsinin məqsədi xalqın gözünün qorxudulması idi”.

Qeyd edək ki, "Xocalı şahidləri danışır” kitabı Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri, tarix elmləri doktoru, professor Əli Həsənovun "Xocalı soyqırımı: səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” adlı məqaləsi ilə başlayır.

Məqalədə XX əsr ərzində ermənilərin azərbaycanlılara qarşı keçirdikləri etnik təmizləmə və soyqırımı cinayətlərindən, ölkəmizə qarşı ərazi iddialarından bəhs olunur. Haqlı olaraq qeyd edilir ki, Xocalı faciəsi tarixi yaddaşlardan heç vaxt silinməyən Xatın, Liditsa, Oradur, Holokost, Sonqmi, Ruanda və Srebrenitsa kimi cinayətlər qədər dəhşətli soyqırımıdır. Məqalədə professor Əli Həsənov yazır ki, hazırda Xocalı soyqırımını törədənlərin ifşa olunması və beynəlxalq ictimaiyyətin geniş məlumatlandırılması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Azərbaycan Prezidenti İlham Əliyevin başlatdığı hücumçu diplomatiyanın, Heydər Əliyev Fondunun fəaliyyətinin və "Xocalıya ədalət” kampaniyasının həyata keçirilməsinin nəticəsində artıq beynəlxalq miqyasda Xocalı soyqırımının tanıdılması və ayrı-ayrı dövlətlər tərəfindən bu cinayətə siyasi qiymətin verilməsi istiqamətində mühüm nəticələr əldə olunmaqdadır.

© xezerxeber.az


271 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR