“NATO Azərbaycanla əməkdaşlığa sadiqdir” - Baş katib

23.11.2017 18:03

"Bu gün biz aramızda olan uzunmüddətli əməkdaşlığımızı müzakirə etdik. Biz Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyasına qoşunlar, tranzit imkanları və Əfqanıstan milli təhlükəsizlik qüvvələrinə maliyyə dəstəyi formasında verdiyiniz davamlı dəstəyə görə Sizə minnətdarıq. Həmçinin Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyasına qoşunların artırılması ilə bağlı qərarınıza görə Sizə təşəkkürümü bildirirəm”.

XəzərXəbər-in xəbərinə görə, bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə Azərbaycan prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatında deyib. Onun sözlərinə görə, NATO ilə Azərbaycan arasındakı tərəfdaşlığın başlanğıcı uzun illər bundan öncəyə təsadüf edir. Bu tərəfdaşlığın təməli demokratik dəyərlərə və prinsiplərə sadiqlik əsasında qoyulub:

"Bu gün bizim praktiki əməkdaşlığımız bacarıqların inkişafından tutmuş enerji təhlükəsizliyinə qədər bir çox sahələri əhatə edir və keçmiş sovet ordusundan qalmış partlamamış mina və hərbi sursatların təmizlənməsi üçün etimad fondu çərçivəsində aparılır. Mən, həmçinin Sizə BMT Təhlükəsizlik Şurasının qadınlar, sülh və təhlükəsizlik üzrə 1325 saylı qətnaməsini bizim əməkdaşlıq gündəliyimizə daxil etdiyiniz üçün təşəkkürümü bildirirəm. Bütün bunlar Avratlantik məkanın daha da təhlükəsiz olmasına töhfə verir. Biz seçdiyiniz bütün sahələrdə Sizinlə işimizi davam etdirməyə və əməkdaşlığımızı daha da inkişaf etdirməyə sadiqik. Biz Sizi təhlükəsizlik sahəsində islahatların daha da artırılmasına dəvət edirik və korrupsiya ilə mübarizə sahəsində Sizə dəstək olmaq üçün bizim dürüstlüyün artırılması proqramından tam faydalanmağa çağırırıq”.

Baş katib bildirib ki, həll olunmamış Dağlıq Qarabağ münaqişəsi narahatlığa səbəb olan məsələdir: "Aydındır ki, bu münaqişənin hərbi yolla həll olunması imkanı yoxdur və NATO bu məsələdə birbaşa rola malik deyil. Biz ATƏT-in Minsk qrupunun həmsədrlərinin işini dəstəkləyirik və Ermənistan prezidenti ilə bərpa etdiyiniz dialoq barədə eşitdiyim xəbər məni ruhlandırdı. Biz münaqişənin həllinin danışıqlar yolunun davam etdirilməsini və vəziyyətin gərginləşməsinə yol verilməməsini dəstəkləyirik.

Beləliklə, Prezident Əliyev, icazə verin, buraya təşrif buyurduğunuz və NATO-nun mənzil- qərargahına baş çəkdiyiniz üçün Sizə bir daha təşəkkürümü bildirim. Şimali Atlantika Şurası çərçivəsində görüşünüz əməkdaşlığımızın gələcəkdə necə dərinləşdirilməsinin müzakirə edilməsi nöqteyi-nəzərdən əhəmiyyətli bir fürsət olacaqdır”.

© xezerxeber.az


59 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR