Türkiyəli vəkil : Ölkə vətəndaşlarının işğal altındakı Azərbaycan torpaqlarına getməsi utancvericidir

21.10.2017 14:34

Türkiyə vətəndaşlarının Azərbaycan dövlətinin qanunlarını tapdalayaraq, işğal altında olan Dağlıq Qarabağa getmələri utancvericidir.

Bunu Trend-ə tanınmış türkiyəli vəkil, "Ekolhukuk” hüquq məsləhətxanasının təsisçisi Zəki Arıtürk bildirib.

Z.Arıtürk qeyd edib ki, Türkiyə vətəndaşları Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlunun Ermənistan tərəfindən işğal olunan Azərbaycan ərazilərinə qeyri-qanuni səfərinə həm huquqi, həm də mənəvi müstəvidən yanaşmaq lazımdır.

Onun sözlərinə görə, təəssüf ki, hazırda hüquqi müstəvidə adı sadalanan şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi məsələsi bəzi prosedurlara bağlıdır:

"Türkiyə konstitusiyasının 38-ci maddəsinin son bəndinə əsasən ölkə vətəndaşı hər hansı xarici dövlətin ərazisində cinayət törədərsə, o başqa bir ölkəyə təhvil verilə bilməz, yalnız Türkiyə Respublikasının cinayət məcəlləsinə əsasən və Türkiyədə məhkum edilə bilər”.

Z.Arıtürk qeyd edib ki, Türkiyə qanunlarına əsasən vətəndaşlar üçün gedilməsi qadağan edilən hər hansı ölkə və ya ərazi yoxdur:

"Ancaq Türkiyə vətəndaşlarının səfəri işğal altında olan Dağlıq Qarabağda yaşayan erməniləri Azərbaycan dövlətçiliyi əleyhinə qaldırmaq məqsədi daşıyıbsa və onlar bu istiqamətdə çağırışlar ediblərsə, Türkiyə cinayət məcəlləsinə görə, şiddətə təşviq etdikləri üçün həmin şəxslər mütləq cinayət məsuliyyətinə cəlb olunmalıdırlar".

Məsələnin mənəvi tərəfinin də Azərbaycan və Türkiyə dostluğunun olduğunu deyən Arıtürkün fikrincə iki qardaş ölkə münasibətlərinə xəyanət edənlərə fürsət verməməklə yanaşı, onları dəstəkləmək də olmaz.

"Özümün və millətimin adına erməni lobbisinin maraqları daxilində hərəkət edərək, Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağa gedənlərə görə xəcalət hissi keçirdiyimi və kədərləndiyimi bildirirəm. Türkiyə vətəndaşlarının Dağlıq Qarabağa səfərlərinə dair foto, video faktların mənə təqdim ediləcəyi təqdirdə şəxsən özüm bu vətəndaşlar haqqında cinayət işinin açılması üçün əlimdən gələni edəcəyəm".

Qeyd edək ki, sentyabrın 22-də Türkiyə vətəndaşları Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Azərbaycan ərazisi Dağlıq Qarabağa qeyri-qanuni səfər ediblər. Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İidarəsində Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə bu şəxslər barəsində cinayət işi başlanılıb. Onlar Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilərək dövlətlərarası axtarışa verilib. Həmin şəxslərin tutularaq istintaqa cəlb olunmaları məqsədilə Türkiyə hüquq-mühafizə orqanlarına müraciət edilib.

Bir müddət sonra isə Türkiyə Böyük Millət Məclisinin HDP-dən olan deputatı Karo Paylan Yerevana səfər edib. O, Yerevanda çıxışı zamanı Ankaranı qondarma "erməni soyqırımı"nı tanımağa çağırıb və Ermənistanın Türkiyədən daha demokratik ölkə olduğunu deyib.

© xezerxeber.az


71 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR