Bakı
29 C
USD
EUR
1.7025
1.8579
RUB
GBP
0.0299
2.1950
XƏBƏR
ARXİVİ

Azərbaycan-Rusiya: strateji münasibətlərin inkişafı üçün yeni impuls

22.07.2017 15:04

İyulun 21-də axşam Soçidə Azərbaycan və Rusiya prezidentləri İlham Əliyevin və Vladimir Putinin görüşü olub.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri, habelə regional və beynəlxalq məsələlər müzakirə edilib.

Görüş əvvəlcədən elan edilməmişdi və bu da ona regionda və dünyada marağı artırıb. Bununla belə təxmin etmək olar ki, iki dövlətin başçılarında son vaxtlar çoxlu suallar yaranıb ki, onları üzbəüz müzakirə etmək, bir-birinin fikrini öyrənmək lazım gəlir.

Görüş faktının özü iki ölkə və onun liderləri arasında münasibətlərin xarakterini – etimadlılığı, bir-birinin mövqeyinə hörməti bir daha təsdiqləyib. Görüşün daha bir səciyyəvi cəhəti mühüm beynəlxalq və regional problemlər, ikitərəfli münasibətlər məsələləri üzrə mövqelərin müqayisə edilməsidir ki, bunu Soçi görüşünün əvvəlində dövlət başçılarının bəyanatları da təsdiqlədi. Tərəflər nümayiş etdirdilər ki, onların həm iki ölkə arasında gələcək münasibətlərin qurulması planında, həm də regionda yaranmış vəziyyət kontekstində müzakirə edilməli mövzular var. "Sizinlə həm bizim ikitərəfli münasibətlərimiz, həm də regionda yaranan vəziyyət barədə danışmaq imkanından məmnunam”, - Prezident Vladimir Putin azərbaycanlı həmkarına müraciətlə deyib. O, görüşün bütün mürəkkəb problemlərin həlli yollarının axtarışına kömək edəcəyinə ümidvar olduğunu bildirib. Rusiya Prezidenti xüsusi vurğulayıb: "Əlbəttə, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli əlaqələrin necə inkişaf etməsindən də danışacağıq”. O qeyd edib ki, iki ölkə arasında gələcək üçün çoxlu birgə planlar var və Azərbaycan Prezidenti ilə görüşmək və bu istiqamətlərdə danışmaq imkanından məmnundur.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətlər çox uğurla inkişaf edir. Azərbaycan dövlətinin başçısı qeyd edib ki, "biz münasibətlərimizin yüksək səviyyəsindən məmnunuq. Siyasi, ticari-iqtisadi, humanitar sahələrdə fəal əməkdaşlıq edirik. Nəqliyyat və energetika sahələrində yaxşı perspektivlər var”. Prezident İlham Əliyev ikitərəfli münasibətləri çoxplanlı və həyatın bütün sahələrini praktiki olaraq əhatə edən münasibətlər kimi səciyyələndirib: "Əlbəttə ki, vacib məsələlər - regional, dünya siyasəti, ikitərəfli münasibətlər və bizim regionda təhlükəsizliyin möhkəmləndirilməsi məsələləri üzrə vaxtaşırı məsləhətləşmələrə ehtiyac var”.

Azərbaycan və Rusiya prezidentlərinin görüşü bir daha nümayiş etdirdi ki, iki ölkəni öz səviyyəsinə görə hər hansı formal müttəfiqlik münasibətlərindən xeyli üstün olan və konkret məzmun kəsb edən strateji tərəfdaşlıq əlaqələri bağlayır. Yalnız strateji tərəfdarlar bütün mürəkkəb məsələləri və problemləri açıq müzakirə edib, onların həlli yollarını birlikdə axtara, beynəlxalq problemlərin aktual aspektlərinə dair məsləhətləşmələr apara bilərlər. Görüş Azərbaycan Prezidenti İlham Əliyev ilə Rusiya Prezidenti Vladimir Putin arasında şəxsi dostluq və səmimi münasibətlərin həm də beynəlxalq münasibətlərin tonallığını və inkişaf perspektivlərini müəyyən etdiyini bir daha vurğulayıb.

Bundan əlavə, bu görüş Azərbaycan və Rusiya arasında strateji tərəfdaşlığın inkişafından narahat olan, onlara ziyan vurmağa cəhd edən bəzi regional qüvvələrə sanballı cavab olub. Görüş göstərib ki, bu qüvvələrin səyləri əbəsdir və öz hədəfinə yetişməyəcək. Bu, ikitərəfli münasibətlərin xarakteri, dərinliyi və inkişaf perspektivləri, dövlət başçıları arasında qarşılıqlı etimad və dostluq ilə şərtlənir. Görüş nümayiş etdirib ki, Rusiya-Azərbaycan əlaqələri sağlam təməl üzərində qurulub, hər iki tərəf əlaqələri daha da möhkəmləndirməyə və dərinləşdirməyə səylər göstərir və onlar ortaya çıxan bütün məsələləri konstruktiv və xeyirxah məcrada həll etmək üçün yetərli siyasi iradəyə malikdirlər. Soçi görüşü Prezident İlham Əliyevin və Prezident Vladimir Putinin ikitərəfli əlaqələrin daha da dərinləşməsinə və genişlənməsinə böyük əhəmiyyət verdiklərini göstərib.

Rəsmi informasiyadan göründüyü kimi, iki dövlət başçısının danışıqlarında başlıca mövzulardan biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi olub. Bu da təbiidir. Danışıqlar prosesini pozmağa və təhlükəli status-kvonu saxlamağa çalışan Ermənistanın daimi provokasiyaları səbəbindən münaqişə zonasında vəziyyət gərgin olaraq qalır. Rusiya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə vasitəçilik səylərində mühüm rol oynayır və görünür, həll yollarını tapmağa ən çox maraq göstərən tərəflərdən biridir, çünki söhbət onun sərhədlərinin bilavasitə yaxınlığında təhlükəsizlikdən gedir. İyulun əvvəlində münaqişə zonasında müşahidə olunan və iki azərbaycanlı dinc vətəndaşın həlak olması ilə nəticələnən yeni gərginlikdən sonra Rusiya liderinin yaranmış vəziyyəti məhz birinci olaraq Azərbaycan Prezidenti ilə müzakirə etməsi də çox mətləbdən xəbər verir.

RF Prezidentinin iki ölkənin gələcək üçün çoxlu planları olması barədə bəyanatını siyasi, iqtisadi və humanitar sahələrdə yeni layihə və təşəbbüslərin anonsu kimi qiymətləndirmək olar. Bu isə bütün sahələrdə ikitərəfli münasibətlərin gələcək inkişafına yeni impuls verəcək. Hər iki dövlətin başçısı buna əmin olduqlarını bildiriblər.

© xezerxeber.az


286 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR