Nazir Ceyhun Bayramov QDİƏT-in iclasında çıxış edib

25.09.2020 15:14

Sentyabrın 25-də Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) üzv dövlətlərinin Xarici İşlər Nazirləri Şurasının videokonfrans formatında keçirilən qeyri-rəsmi iclasında çıxış edib.

Bu barədə xezerxeber.az-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Çıxışında nazir Ceyhun Bayramov dünyada COVID-19 pandemiyasının yayılmasının davam etdiyi bir vaxtda böhran vəziyyətində əməkdaşlıq məsələsinin aktuallıq qazandığını qeyd edib, tədbir iştirakçılarına pandemiyanın aradan qaldırılması üçün Azərbaycanın beynəlxalq səylərə verdiyi töhfə, o cümlədən BMT Baş Assambleyasının xüsusi sessiyasının və Qoşulmama Hərəkatı Əlaqə Qrupunun Zirvəsinin çağırılması kimi bir sıra vacib təşəbbüsləri barədə məlumat verib.

Pandemiyanın yalnız sağlamlığa deyil, iqtisadiyyata da təsirinin böyük olduğunu qeyd edən nazir hərtərəfli və davamlı iqtisadiyyat qurmaq üçün transsərhəd ticarəti, bağlılığı və yeniliyi təşviq edən ölkə qismində Azərbaycanın Xəzər dənizi - Qara dəniz əməkdaşlığının inkişafında fəal rolundan danışıb.

Azərbaycanın Qara dəniz bölgəsinin firavan gələcəyinə inandığını qeyd edən nazir Ceyhun Bayramov bu məqsədə nail olmaq üçün ilkin şərt qismində dövlətlərin müstəqilliyə, ərazi bütövlüyünə və suverenliyinə qarşılıqlı hörmət etmələrinin zəruri olduğunu səsləndirib.

Tədbir zamanı çıxışında BMT Baş katibinin qlobal atəşkəsə riayət olunmasına dair çağırışına Azərbaycanın guya ki, məhəl qoymaması barədə Ermənistan Xarici İşlər nazirinin ənənəvi əsassız iddialarına münasibət bildirən nazir Ceyhun Bayramov Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə məhəl qoymayaraq 30 ilə yaxındır ki, Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunu işğal altında saxladığını vurğulayıb. İyulun 12-16-da iki dövlətin sərhədində Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistanın yeni təcavüz aktına cəhd etdiyi, lakin bu ölkənin siyasi və hərbi məqsədlərinə nail olmadığı qeyd edilib. Ermənistanın Azərbaycanın Tovuz rayonu istiqamətində əvvəlcədən planlaşdırdığı hərbi təxribatının səbəbləri, o cümlədən öz işğalçı siyasətini arxa plana keçirmək, üçüncü tərəfləri münaqişəyə cəlb etmək, ərazinin yaxınlığından keçən mühüm enerji və nəqliyyat infrastrukturuna zərər vurmaq, nəhayət öz əhalisinin diqqətini daxili problemlərdən yayındırmaq barədə tədbir iştirakçılarına məlumat verildi. Ermənistanın məqsədyönlü şəkildə Azərbaycanın mülki əhalisini hədəfə aldığı və iyul təxribatında 76 yaşlı insanın öz həyətində qətlə yetirildiyi bildirildi.

Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının davam etməsinin beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdid olaraq qaldığını söyləyən nazir vurğulayıb ki, Ermənistan silahlı qüvvələrini Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və digər ərazilərindən nə qədər tez çıxararsa, bir o qədər tez münaqişə həll ediləcək və beləliklə də bölgədə genişmiqyaslı iqtisadi əməkdaşlığa yol açılacaq.

Məlumat üçün bildirmək istərdik ki, QDİƏT Xarici İşlər nazirlərinin videokonfrans formatında iclasında 12 üzv ölkədən 7 ölkə Xarici İşlər nazirləri, 5 ölkə isə Xarici İşlər nazirlərinin müavinləri səviyyəsində iştirak edib. Tədbirdə, həmçinin Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi çıxış edib.

© xezerxeber.az

FOTOQALERIYA






192 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR