Mehriban Əliyeva şəhid ailələrinin ev probleminin həlli ilə bağlı göstəriş verib

08.07.2020 19:15

2016-cı ilin Aprel döyüşlərində şəhid olmuş gizirlər Adil Adilzadənin və Teymur Qasımovun Mingəçevirdə yaşayan ailə üzvlərinin mənzil şəraitlərinin yaxşılaşdırılması ilə bağlı müraciətə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən dərhal müsbət münasibət bildirilib.

Bu barədə AZƏRTAC-a "Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyindən məlumat verilib.

"Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin üzvü olan hər iki ailə uzun müddətdir ki, çətin şəraitli, qəzalı vəziyyətdə olan evlərdə yaşayırdılar. Qəza vəziyyətində olan evlərinin təmiri ilə əlaqədar İctimai Birliyə ünvanlanmış müraciətlə bağlı təşkilat tərəfindən Heydər Əliyev Fondunun rəhbərliyinə məlumat verilib.

Fondun prezidenti Mehriban xanım Əliyeva şəhid ailələrinin qəzalı vəziyyətdə olan evlərinin əvəzinə bütün məişət təminatı ilə birlikdə yeni fərdi yaşayış sahəsinin tikilib təhvil verilməsinə dair göstəriş verib. Ən qısa zamanda yeni fərdi yaşayış evləri tikilərək hər iki şəhid ailəsinə təhvil veriləcək.

Mehriban Əliyevanın bu addımı bir daha sübut edir ki, ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizə aparılan bir dövrdə heç bir sosial layihə diqqətdən kənarda qalmayıb. Şəhid ailələrinin sosial-məişət problemləri ən yüksək səviyyədə həllini tapır.

Hər bir şəhid ailəsi qəhrəmanlarımızın bizlərə əmanətidir. Hər kəs bu əmanətə hörmət etməyə, qayğı göstərməyə çalışmalıdır. Bizlərə ən mükəmməl örnək Mehriban xanımdır.

"Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi göstərilən diqqət və qayğıya görə şəhid ailələri adından Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkür edir.

© xezerxeber.az


318 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR