Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Hikmət Hacıyev: Dünya ölkələri Azərbaycan Prezidentinin təşəbbüsünü yüksək qiymətləndirir

30.06.2020 20:15

Azərbaycan Respublikasının beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlığı davam edir. Pandemiya dövründə Azərbaycan ilə Ümumdünya Səhiyyə Təşkilatı arasında çox sıx əlaqələr qurulub. Ümumdünya Səhiyyə Təşkilatının pandemiyanın ilk vaxtlarında Azərbaycana verdiyi tövsiyələr çox ciddi şəkildə nəzərə alındı və ölkəmiz tərəfindən zəruri tədbirlər görüldü.

Xezerxeber.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın iyunun 30-da keçirilən brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

"Azərbaycan Respublikasının qlobal səviyyədə koronavirusla mübarizədə ən vacib tədbirlərindən biri Prezident İlham Əliyev tərəfindən BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsüdür. Xatırlatmaq istərdim ki, Qoşulmama Hərəkatının mayın 4-də keçirilmiş Zirvə görüşündə Prezident İlham Əliyev BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması ilə əlaqədar təklif irəli sürdü. Bu təklif Qoşulmama Hərəkatına üzv dövlətlər tərəfindən razılaşdırılaraq BMT-nin Baş katibinə müraciət edildi. Baş katib tərəfindən də Baş Assambleyanın prosedur qaydalarına uyğun olaraq üzv dövlətlərə müraciət edildi və onların razılığı istənildi. Qaydalara əsasən, BMT Baş Assambleyasının əksəriyyətinin dəstəyi olduqda müstəsna hal kimi müntəzəm keçirilən sessiyalarla yanaşı, xüsusi sessiyalar da keçirilə bilər. BMT tarixində çox az sayda xüsusi sessiya çağırılıb. COVID-19 ilə mübarizədə də məhz Azərbaycan Prezidenti tərəfindən BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsü irəli sürülmüşdür. Bu təşəbbüs BMT-nin 130-dan çox üzv dövləti tərəfindən dəstəklənmişdir. Bu, beynəlxalq səviyyədə Azərbaycan Respublikasına olan etimadın, hörmətin növbəti bariz nümunəsidir. Hazırda BMT-nin müxtəlif strukturları tərəfindən xüsusi sessiyanın çağırılması ilə bağlı müvafiq prosedur addımlar atılır”, - deyə Hikmət Hacıyev vurğulayıb.

Prezidentin köməkçisi, həmçinin qeyd edib ki, bu gün Ermənistan dünyadan yardım diləndiyi halda, Azərbaycan Prezidentinin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi ilə bağlı qlobal təşəbbüsünə qarşı çıxır. Bu, bir daha Ermənistanın əsl mahiyyətini ortaya qoymuş oldu. Bütün dünya ölkələri koronavirusla bağlı həmrəylik nümayiş etdirir. Dünya ölkələri bəyan edir ki, bu, çox vacib və vaxtında irəli sürülən bir təşəbbüsdür. Lakin Ermənistan tərəfi bu təşəbbüsə qarşı çıxmaqla əsl mahiyyətini ortaya qoydu.

© xezerxeber.az


216 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR