Polis, məhkəmə və prokurorluq orqanları barədə daha çox şikayətlərin olduğu rayonlar açıqlanıb

19.02.2020 09:12

Prezident Administrasiyasına 2019-cu ildə daxil olan müraciətlərin bir qismi hüquq-mühafizə və məhkəmə orqanlarının fəaliyyəti ilə bağlı olub.

Xezerxeber.az-ın məlumatına görə, bu, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun rəsmi mətbuatda dərc edilən "Azərbaycan Prezidentinin dərin islahatları vətəndaş müraciətlərində qaldırılan məsələlərin həllinə böyük inam yaradır” başlıqlı məqaləsində əksini tapıb.

Məqalədə qeyd edilib ki, dövlət başçısının səyləri ilə ölkədə qanunçuluğun möhkəmləndirilməsi, hüquq-mühafizə orqanlarının və məhkəmələrin fəaliyyətini daha da yaxşılaşdırmaq üçün çox geniş islahatların aparılması bu sahədə müsbət dəyişikliklərin əldə edilməsinə gətirib çıxarsa da, Prezident Administrasiyasına daxil olan yazılı və şifahi müraciətlərin, o cümlədən şikayətlərin bir qismi yenə də göstərilən orqanların fəaliyyəti ilə əlaqədardır: "Bunun bir səbəbi də vətəndaşların öz hüquqlarını kifayət qədər dərindən bilməməsi, xüsusilə məhkəmələrin müstəqil fəaliyyət göstərdiklərinə diqqət yetirməmələridir”.

Prezident Administrasiyasının şöbə müdiri nəzərə çatdırıb ki, 2019-cu ildə Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən hüquq siyasəti sayəsində daxili işlər orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, əldə olunmuş müsbət nəticələrin daha da artırılması istiqamətində əhəmiyyətli işlər görülüb. Əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı azalıb. 2018-ci illə müqayisədə mülkiyyət əleyhinə olan cinayətlər, o cümlədən soyğunçuluq, quldurluq, avtonəqliyyat vasitəsinin qaçırılması faktları, habelə xuliqanlıq, ictimai yerlərdə baş verən cinayətlər, yetkinlik yaşına çatmayanların cinayətləri xeyli az olub. Mütəşəkkil cinayətkarlıqla mübarizə də məqsədyönlü şəkildə həyata keçirilib və ötən il 818 cinayətkar qrup zərərsizləşdirilib. Vətəndaşlara dəymiş 52 milyon manatdan çox maddi ziyanın 92,7 faizi istintaq zamanı ödətdirilib: "Bir məsələni xüsusi vurğulamalıyıq ki, Azərbaycanın sabitlik və əmin-amanlıq məkanına çevrilməsində, vətəndaşlarımızın asudə yaşamasında hüquqmühafizə orqanlarının, o cümlədən daxili işlər orqanlarının əməyi danılmazdır. Respublikamızda ictimai-siyasi sabitliyin, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasında, cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində qazanılan uğurlar xalqın sabit həyat sürəcəyinə, həmçinin cari ildə ölkəmizdə keçiriləcək respublika və beynəlxalq əhəmiyyətli tədbirlərin vaxtında və yüksək səviyyədə yerinə yetiriləcəyinə inamı daha da artırır”.

Bununla yanaşı, Prezident Administrasiyasının şöbə müdiri polis orqanlarının fəaliyyəti ilə əlaqədar daxil olan şikayətlərin az olmadığını vurğulayıb: "Bunlar istintaqın aparılması, dələduzluq, böhtan və şantaj, məişət zorakılığı, yol polisinin fəaliyyəti və sair məsələlərlə bağlıdır. Bütövlükdə polisin fəaliyyətinə dair daxil olan şikayətlərin sayı Bakının Xəzər, Nərimanov, Nizami, Sabunçu, Suraxanı, Yasamal rayonları, Gəncə, Lənkəran, Sumqayıt şəhərləri, həmçinin Ağstafa, Goranboy, Göyçay, Göygöl, Lerik, Masallı, Neftçala, Sabirabad, Siyəzən, Tərtər, digər şəhər və rayonlardan nisbətən çox olub. Məhkəmə orqanlarının fəaliyyəti ilə bağlı müraciətlərin sayı da az deyildir. Ötən il Məhkəmə-Hüquq Şurası tərəfindən 50-yə yaxın məhkəmədə monitorinq aparılaraq yol verilən pozuntular 100-dən artıq hakimin və məhkəmə sədrinin diqqətinə çatdırılıb, belə halların yaranmasına səbəb olan hakimlər barədə ciddi tədbirlər görülüb. 2019-cu ildə Bakı şəhərinin Xətai, Nəsimi, Sabunçu, Səbail, Yasamal rayon məhkəmələrinin, həmçinin Şirvan, Abşeron, Cəlilabad, Gədəbəy, Göygöl, Hacıqabul, Xaçmaz, Qazax, Quba, Masallı, Sabirabad, Salyan, Şamaxı, Tərtər, Zaqatala, Zərdab, digər şəhər və rayon məhkəmələrinin fəaliyyətinə dair müraciətlər nisbətən çox daxil olub. Həmçinin apellyasiya və hərbi məhkəmələrin fəaliyyəti barədə müraciətlər də az deyil. Əvvəlki illə müqayisədə iqtisadi mübahisələrlə bağlı müraciətlərin sayı azalıb”.

Məqalədə qeyd edilib ki, prokurorluq orqanları haqqında şikayətlər daha çox Bakı şəhərinin Binəqədi, Qaradağ, Nərimanov, Nəsimi, Səbail rayonlarından, Gəncə, Lənkəran, Mingəçevir, Şəki şəhərlərinin, Abşeron, Ağcabədi, Ağdam, Beyləqan, Cəlilabad, İmişli, Kürdəmir, Quba, Lerik, Şəmkir, Tovuz, Yardımlı, digər şəhər və rayonlardan daxil olub.

© xezerxeber.az


109 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR