Daha beş gənc meşəçilik ixtisası üzrə xaricdə təhsil alacaq

23.10.2019 13:17

Azərbaycanda gənc meşəçi kadrların hazırlığının dünya standartlarına uyğun təmin edilməsi, meşə idarəetmə sisteminin müasirləşdirilməsi məqsədilə beş tələbə təhsil almaq üçün Türkiyəyə göndəriləcək.

XəzərXəbər xəbər verir ki, bunu jurnalistlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin insan resurslarının idarə edilməsi şöbəsinin müdiri Orxan Məhərrəmli bildirib.

"Azərbaycanda meşəçilik ixtisası üzrə mütəxəssis hazırlayan Azərbaycan Dövlət Aqrar Universiteti ilə nazirlik arasında imzalanmış ikitərəfli Anlaşma Memorandumu çərçivəsində universitetin beş nəfər ikinci kurs tələbəsi dünyanın qabaqcıl təhsil müəssisəsi olan Türkiyənin Qaradəniz Texniki Universitetinin meşəçilik fakültəsində təhsilini davam etdirəcək. Həmin məqsədlə tələbələr və onların valideynləri ilə nazirlikdə görüş keçirilib. Əminik ki, gənclərimiz mükəmməl təhsil alaraq bilik və təcrübələrini artıracaq, meşəçilik ixtisasına dərindən yiyələnəcək, meşələrimizin idarə olunmasında öz təcrübələrini bölüşəcək və gələcəkdə nazirliyin kadr potensialını zənginləşdirəcəklər. Türkiyənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə reallaşan layihə çərçivəsində tələbələr qardaş ölkədə meşəçilik ixtisası üzrə lazımi biliklərə yiyələndikdən sonra nazirliyin aidiyyəti struktur bölmələrində işlə təmin olunacaqlar”, - deyə O.Məhərrəmli qeyd edib.

Nazirlik rəsmisi bir neçə ay bundan əvvəl səkkiz gəncin təhsil almaq üçün Rusiyanın Voronej Dövlət Meşə Texniki Universitetinə göndərildiyini də diqqətə çatdırıb.

O, müasir tələblərə cavab verən kadr hazırlığı üzrə analoji layihələrin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

© xezerxeber.az


94 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR