Prezident İlham Əliyev Kolumbiyanın yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB

23.07.2019 14:47

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 23-də Kolumbiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Luis Antonio Dimate Kardenasın etimadnaməsini qəbul edib.

Xezerxeber.az xəbər verir ki, səfir Luis Antonio Dimate Kardenas fəxri qarovul dəstəsinin qarşısından keçib.

Luis Antonio Dimate Kardenas etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Dövlətimizin başçısı Kolumbiyanın səfirinin Azərbaycanda fəaliyyətə başlamasının önəmini qeyd edərək, bunu tərəfdaşlıq əlaqələrimizin göstəricisi kimi dəyərləndirdi. Prezident İlham Əliyev Azərbaycanla Kolumbiya arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu bildirərək iqtisadi əməkdaşlığın genişləndirilməsinin zəruriliyini vurğulayıb. Dövlətimizin başçısı bu baxımdan ticarət, qarşılıqlı investisiya sahələrində əlaqələrin qurulması üçün yaxşı potensialın mövcud olduğunu deyib. Prezident İlham Əliyev Luis Antonio Dimate Kardenasın səfir kimi fəaliyyəti dövründə ikitərəfli münasibətlərimizin inkişafına töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Səfir Luis Antonio Dimate Kardenas, ilk növbədə, Kolumbiya Respublikasının Prezidenti İvan Duke Markesin salamlarını dövlətimizin başçısına çatdırıb.

Luis Antonio Dimate Kardenas Azərbaycana səfir təyin olunmasından məmnunluq hissi keçirdiyini qeyd edərək ölkəmizdə gedən inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyib. Səfir Azərbaycanın sosial-iqtisadi sahələrdə böyük uğurlar qazandığını vurğulayaraq bununla bağlı dövlətimizin başçısına təbriklərini çatdırıb. O, ikitərəfli siyasi əlaqələrin çox yaxşı səviyyədə olduğunu deyərək iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

Dövlətimizin başçısı Kolumbiya Respublikasının Prezidenti İvan Duke Markesin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Kolumbiya Prezidentinə çatdırmağı xahiş edib.

© xezerxeber.az

FOTOQALERIYA






93 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR