Prezident İlham Əliyev Belarusun Baş nazirinin müavinini qəbul edib - YENİLƏNİB

15.05.2019 15:11

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Belarus Respublikası Baş nazirinin müavini İqor Lyaşenkonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Xezerxeber.az xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan ilə Belarus arasında ikitərəfli münasibətlərin uğurla və dinamik şəkildə inkişaf etdiyini bildirərək, Belarus Respublikası Baş nazirinin müavini İqor Lyaşenkonun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin əlaqələrimizin perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını deyib. Bakıda keçirilən XIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisinə toxunan Prezident İlham Əliyev Belarusun bu tədbirdə fəal şəkildə iştirakından məmnunluğunu bildirdi. Dövlətimizin başçısı Belarusun kənd təsərrüfatı məhsullarının keyfiyyətinin Azərbaycanda razılıq doğurduğunu deyib və özünün Belarusa səfəri zamanı orada da Azərbaycan Ticarət Evinin açılmasını bu sahədə əməkdaşlığın yaxşı göstəricisi kimi dəyərləndirib.

Xoş sözlərə görə minnətdarlığını bildirən Belarus Respublikası Baş nazirinin müavini İqor Lyaşenko Belarusun XIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində fəal iştirakının Prezident İlham Əliyevin ölkələrimiz arasında əməkdaşlığa göstərdiyi diqqətin nəticəsi olduğunu bildirib və qeyd edib ki, Azərbaycan və Belarus dövlətləri başçılarının əlaqələrimizin inkişafı ilə bağlı verdikləri tapşırıqlara əsasən birgə layihələr uğurla həyata keçirilir. İqor Lyaşenko ölkəmizə səfəri zamanı Azərbaycanda istehsal olunan və birgə istehsalı planlaşdırılan kənd təsərrüfatı texnikası və eləcə də digər nəqliyyat vasitələri nümunələri ilə tanış olduqlarını və bu sahədə işlərin uğurla həyata keçirildiyini diqqətə çatdırıb.

Görüşdə ölkələrimiz arasında kənd təsərrüfatı ilə yanaşı, maşınqayırma, avtomobil sənayesi sahələrində əlaqələrin perspektivləri müzakirə edilib, Azərbaycan məhsullarının, xüsusilə tütün və şərab ixracının önəmi qeyd olunub və bu sahədə əməkdaşlığımızın genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

© xezerxeber.az

FOTOQALERIYA






64 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR