Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Alman faşizmi üzərində tarixi Qələbədən 74 il ötür

09.05.2019 09:01

Bu gün alman faşizmi üzərində tarixi Qələbədən 74 il ötür. 1939-cu il sentyabrın 1-də faşist Almaniyasının Polşanı işğal etməsi ilə İkinci Dünya müharibəsi başlayıb. 1941-ci il iyunun 22-də isə Hitler Almaniyası SSRİ-yə hücum edib. Müharibə 1945-ci il mayın 9-da - Berlindəki Reyxstaq binası üzərindən faşizm bayrağının endirilməsi ilə başa çatıb.

Xezerxeber.az xəbər verir ki, Azərbaycan faşizm üzərində tarixi Qələbəyə mühüm töhfələr verib. Bu şanlı Qələbədə böyük payı olan Azərbaycan xalqı cəbhəyə 600 mindən çox oğul və qızını yola salıb. Onların təxminən yarısı döyüş meydanlarından geri qayıtmayıb. Müharibə illərində göstərdikləri igidliyə görə 130-dan çox Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib.

Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib. Xalqımızın qəhrəman övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və irili-xırdalı digər yüzlərlə yaşayış məntəqəsi uğrunda rəşadətlə döyüşüblər. Qəhrəman azərbaycanlılar Polşa, Çexoslovakiya, Yuqoslaviya və digər ölkələrin azad olunmasında da yaxından iştirak ediblər. Partizan hərəkatında iştirak edən soydaşlarımızın da qəhrəmanlıq nümunələri saysız-hesabsızdır. İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçən Azərbaycan övladlarının heç vaxt yaddaşlardan silinməyən qəhrəmanlıq və şücaəti gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir.

Xalqımız faşizmə qarşı müharibədə döyüş meydanları ilə yanaşı, arxa cəbhədə də əsl əzmkarlıq nümayiş etdirib. İkinci Dünya müharibəsində Qələbənin qazanılmasında Bakı nefti əvəzsiz rol oynayıb. 1941-1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşüb. Azərbaycan Berlinin alınması zamanı Almaniya səmasında uçan 7 min hərbi təyyarənin yanacaq təchizatını təmin edib. Xalqımız cəbhəyə 7 tondan çox donor qanı göndərib, döyüşən ordunun ərzaq və isti geyimlə təchizatında fəal mövqeyi ilə seçilib. Azərbaycan faşizm üzərində Qələbə naminə bütün imkanlarını maksimum səfərbər edib.

Ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə veteranlarının problemlərinə xüsusi diqqət yetirib, onlara hərtərəfli qayğı ilə yanaşıb və sosial məsələlərinin həlli istiqamətində mühüm addımlar atıb. Məhz Ulu Öndərin ədaləti uca tutması sayəsində İkinci Dünya müharibəsi iştirakçılarının mənəvi haqları müstəqilliyin ilk illərində özlərinə qaytarılıb və 1994-cü ildən başlayaraq Azərbaycanda 9 May - Qələbə Günü qeyd olunur. Ulu öndər Heydər Əliyevin bu sahədəki siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev İkinci Dünya müharibəsinin ağır və çətin sınaqlarından keçmiş veteranların qayğılarına həssaslıqla yanaşır.

Qeyd edək ki, bu il mayın 7-də Prezident İlham Əliyev Azərbaycan Respublikasında müharibə veteranlarına dövlət qayğısının artırılması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, ölkəmizdə müharibə veteranlarına dövlət qayğısını artırmaq məqsədilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının maddi-texniki bazasının gücləndirilməsi, habelə təşkilatın fəaliyyəti ilə əlaqədar cari məsələlərin həlli və nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin təmin olunması üçün Prezidentin ehtiyat fondundan bu quruma 300 yüz min manat ayrılıb.

© xezerxeber.az


174 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR