Əli Hüseynli: Azərbaycanın işğal olunmuş ərazilərində terrorçu qruplaşmalar yaradılır

18.04.2019 16:11

Aprelin 18-də Sankt-Peterburqda Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyası (MDB PA) Şurasının iclası və "Beynəlxalq terrorizmlə mübarizə” mövzusunda konfrans keçirilir.

Sankt-Peterburqun Tavriya sarayında keçirilən tədbirlərdə Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti iştirak edir.

Konfransı açan Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko terrorizmlə mübarizənin hamılıqla aparılmasının vacibliyini vurğulayaraq bildirib ki, heç kim təkcə özü üçün təhlükəsiz şərait qura bilməz. Bu işdə milli parlamentlər və parlamentlərarası təşkilatların əməkdaşlığının səmərə verə biləcəyini söyləyən Federasiya Şurasının sədri internet vasitəsilə ekstremizmlə mübarizə aparılması məsələsini önə çəkib. O deyib ki, Rusiyada 20 milyona yaxın müsəlman yaşayır və tarixən bu torpaqlarda heç zaman dinlərarası müharibə baş verməyib.

Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli konfransda çıxış edərək bildirib ki, həll olunmamış münaqişələr, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəldilmiş separatizm beynəlxalq terrorizm üçün münbit zəmindir. O vurğulayıb ki, suveren dövlətlərin ərazilərində müxtəlif şüarlar altında yaradılan "boz ərazilər”də qanunazidd fəaliyyətlər aparılır, terrorçular hazırlanır, qanunsuz silah alveri həyata keçirilir. Azərbaycanın Dağlıq Qarabağ ərazisində terrorçu qruplar hazırlanır və onlardan Azərbaycana qarşı istifadə olunur.

Əli Hüseynli qeyd edib ki, xarici təhdidlərə baxmayaraq, Azərbaycanda təhlükəsizlik təmin edilir. Respublikamız təhlükəsizlik və sabitlik göstəricinə görə regionun lider ölkəsidir.

Komitə sədri vurğulayıb ki, Milli Məclis də terrorizmlə mübarizə sahəsinə öz töhfəsini verir. Azərbaycanda terrorizmə çağırış, dini radikallıq və ya fanatizmə, həmçinin ölkənin hüdudlarından kənarda hərbi silahlı birləşmələrdə iştiraka görə cinayət məsuliyyəti, "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunda isə terrorçuluq fəaliyyətinə görə vətəndaşlıqdan məhrumetmə nəzərdə tutulub. Əli Hüseynli regionda sabitliyin və təhlükəsizliyin qorunmasında Azərbaycan, Rusiya və Türkiyə əməkdaşlıq formatının əhəmiyyətini də diqqətə çatdırıb. (AZƏRTAC)

© xezerxeber.az

FOTOQALERIYA






225 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR