Elçin Quliyev Aviqdor Libermanı qəbul edib - FOTO

14.09.2018 13:10

Sentyabrın 14-də Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev ölkəmizdə səfərdə olan İsrail Dövlətinin müdafiə naziri Aviqdor Libermanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

DSX-nin mətbuat mərkəzindən xezerxeber.az-a bildiriblər ki, Dövlət Sərhəd Xidmətinin aparatında Aviqdor Libermanın qarşılanma mərasimi keçirilib.

Rəsmi protokola uyğun olaraq İsrail Dövlətinin müdafiə naziri "Fəxri qonaq kitabı”na ürək sözlərini yazıb.

Geniş tərkibdə keçirilmiş görüşdə Azərbaycan Respublikası və İsrail Dövləti arasında dostluq və strateji tərəfdaşlıq münasibətləri məmnunluq hissi ilə qeyd olunub, hərbi-texniki və təhlükəsizlik sahələrində birgə fəaliyyətlərin uğurla həyata keçirildiyi vurğulanıb.

Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev Azərbaycan Respublikasının dövlət sərhədlərindəki əməliyyat şəraiti, Ermənistanın təcavüzü nəticəsində ölkəmizin ərazisinin 20 faizinin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalması, bu ərazilərin qeyri-qanuni məqsədlərlə istifadə edildiyi və mövcud vəziyyətin sərhəd təhlükəsizliyi üçün əsas təhdid olduğunu vurğulayıb. O, son dövrdə Azərbaycan Respublikasının sərhəd mühafizə sisteminin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar, maddi-texniki bazanın müasirləşdirilməsi və gücləndirilməsi üzrə görülmüş işlər, əldə olunmuş nailiyyətlər barədə məlumat verib.

Müzakirələr zamanı regionda cərəyan edən hadisələr, sərhəd təhlükəsizliyinə olan çağırışlar və təhdidlər ətrafında fikir mübadiləsi aparılıb, birgə əməkdaşlığın perspektivləri və istiqamətləri nəzərdən keçirilib, ikitərəfli əlaqələrin uğurla inkişaf etdirilməsi istiqamətində fəaliyyətlərin davam etdirilməsinin vacibliyi bildirilib.

© xezerxeber.az

FOTOQALERIYA






249 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR