“Mixaylo”nun 100 illik yubileyi Azərbaycan Ordusunda geniş qeyd edilir - FOTO

08.08.2018 17:42

İkinci Dünya müharibəsi dövründə antifaşist müqavimət hərəkatının görkəmli nümayəndəsi, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin anadan olmasının 100 illiyi Azərbaycan Ordusunun birlik, birləşmə və hərbi hissələrində geniş şəkildə qeyd edilir.
Qəhrəmanın 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2018-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar Müdafiə Nazirliyinin Təhsil və Mədəniyyət nazirlikləri ilə birlikdə tədbirlər planı hazırlanmış və yubiley tədbirlərinə artıq start verilmişdir.
Cəbhəyanı bölgədə və Gəncə şəhərindəki hərbi hissələrdən birində keçirilən xatirə mərasimində əfsanəvi kəşfiyyatçı Mehdi Hüseynzadənin həyat və döyüş yolu barədə ətraflı məlumat verilib, vaxtilə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə igid həmyerlimizin xatirəsinin əbədiləşdirilməsi üçün görülən işlərdən söhbət açılıb.
Layihənin müəllifi, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani 1973-cü il mayın 9-da Bakıda Mehdi Hüseynzadənin abidəsinin açılışına həsr olunmuş mərasimdə unudulmaz Heydər Əliyevin fəxarət hissi ilə dediklərini bir daha şəxsi heyətə xatırladaraq bildirib ki, Mehdi Hüseynzadə hərarətli qəlbinin çağırışı ilə ölkəmizin müdafiəçilərinin sıralarına qoşuldu. Stalinqrad ətrafındakı vuruşmada ağır yaralanan Mehdi əsir edildi. Lakin nə tikanlı məftil, nə Hitler həbs düşərgəsinin azğın keşikçiləri cəsur döyüşçünün iradəsini qıra bilmədi. Doğma torpaqdan uzaqlarda, Adriatik dənizi sahillərində həmyerlimiz onlarla cəsarətli əməliyyatlar aparmış, kəşfiyyat-təxribat qrupuna rəhbərlik etmişdir. Yuqoslaviya-İtaliya müqavimət hərəkatı sıralarında vuruşarkən azərbaycanlı Mehdi Hüseynzadə özünü "Mixaylo” adlandırmışdır. Faşistləri vahiməyə salan bu mübariz ad altında Mehdi Hüseynzadə tarixə əbədi daxil olmuş, onunla çiyin-çiyinə vuruşmuş insanların qəlbində məskən salmışdır. Bu ad müasirlərinin və gələcək nəsillərin hafizəsindən heç vaxt silinməyəcəkdir.
A.Qurbani daha sonra nəzərə çatdırıb ki, Ümummilli liderimizin vaxtında olduğu kimi bu gün də dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev hərb tariximizin öyrənilməsinə, görkəmli sərkərdələrimizin həyat və döyüş yollarının təbliğinə, müharibələrdə öz qəhrəmanlıqları ilə Azərbaycan xalqına başucalığı gətirmiş qəhrəmanlarımızın xatirələrinin əbədiləşdirilməsinə xüsusi önəm verir. Son illərdə Cəmşid Naxçıvanskinin anadan olmasının 120, Əliağa Şıxlinskinin 150, Səməd bəy Mehmandarovun 160 illik yubileylərinin keçirilməsi haqqında Prezident Sərəncamları uğurla yerinə yetirilib.
Mehdi Hüseynzadənin 100 illiyinin dövlət səviyyəsində qeyd olunması haqqında Prezident Sərəncamı da həm xalqımız, həm də Ordumuzun şəxsi heyəti tərəfindən rəğbətlə qarşılanıb. Bu, hərb tariximizə, Vətən uğrunda canından keçən qəhrəman oğulların xatirəsinə hörmət və ehtiramın bariz nümunəsidir. Həmin Sərəncamda qeyd olunur ki, Mehdi Hüsenzadə 1941-1945-ci illər müharibəsində faşizmə qarşı mübarizədə apardığı çoxsaylı uğurlu kəşfiyyat əməliyyatları və nümayiş etdirdiyi misilsiz hərbi şücaətləri ilə böyük şöhrət qazanmış və Azərbaycan xalqının zəngin tarixi hünər salnaməsinə şanlı səhifələr yazmışdır. Yüksək əxlaqi keyfiyyətlərə malik cəsur kəşfiyyatçının rəşadət dolu şərəfli həyat yolu bu gün Vətənimizin sərhədlərini layiqincə qoruyan və işğal altındakı torpaqlarımızı azad etməyə hər an hazır olan mətin Azərbaycan əsgəri üçün parlaq qəhrəmanlıq nümunəsidir.
Böyük Vətən müharibəsinin veteranı Tofiq Paşa oğlu Hüseynov cəbhə xatirələrini danışıb, hərbi qulluqçuları "Mixaylo” kimi igid oğullardan nümunə götürməyə və xalqımızın qəhrəmanlıq ənənələrindən bəhrələnməyə çağırıb. O, əmin olduğunu bildirib ki, Həzilər, Mehdilər, Gəraylar, Qafurlar yetirən Vətən torpağı heç vaxt işğalla barışa bilməz və barışmayacaq. Azərbaycanın üçrəngli bayrağı Talış zirvəsində, Lələtəpədə, Qızılqayada, Günnütdə dalğalandığı kimi, Xankəndidə, Şuşada, Laçında və işğal altında olan digər əzəli torpaqlarımızda da dalğalanacaq və həmin bayraq Azadlıq meydanına gətirilərək Qələbə paradımızda nümayiş etdiriləcəkdir.
Tədbirlərdə Mehdi Hüseynzadənin ədəbi və bədii yaradıcılığı haqqında da iştirakçılara geniş məlumat verilib.
Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin yaradıcı kollektivi Mehdi Hüseynzadənin şeirləri əsasında ədəbi-musiqili kompozisiya təqdim edib, şairlərimizin ona həsr etdiyi şeirlər səsləndirilib.
Həmin gün Gəncə Qarnizonu Zabitlər Evinin səyyar təşviqat dəstəsi "Uzaq sahillərdə” və "Təxəllüsü "Mixaylo”” filmlərini nümayiş etdirib.

© xezerxeber.az

FOTOQALERIYA






134 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR