İlham Əliyev Putinlə görüşdü - YENİLƏNDİ

13.06.2018 17:26

İyunun 13-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin görüşü olub.

Dövlət başçıları görüşdə çıxış ediblər.

Rusiya Prezidenti Vladimir PUTİN dövlətimizin başçısını salamlayaraq dedi:

-Hörmətli İlham Heydər oğlu, Sizi görməyimə çox şadam. Xoş gəlmisiniz.

Ümidvaram ki, Moskvada vaxtınızı səmərəli və maraqlı keçirəcəksiniz. Ona görə maraqlı keçirəcəksiniz ki, oyun gözəl olacaq. Ona görə səmərəli keçirəcəksiniz ki, çoxsaylı ölkələrdən çoxlu həmkarlarımız gəlib, hamı ilə söhbət etmək, görüşmək, kiminləsə tanış olmaq imkanı var. MDB üzrə ən yaxın həmkarlarımızla cari məsələlər barəsində informasiya mübadiləsi aparmaq da mümkün olacaq.

Bizim ikitərəfli münasibətlərimizə gəldikdə isə, avqustun 30-da Sizin Rusiyaya səfərinizin gedişində həmin münasibətləri hərtərəfli və dərindən müzakirə edəcək, bununla məşğul olacağıq. O vaxta qədər isə həmkarlarımız işləyəcək və Sizin Rusiyaya səfərinizi hazırlayacaqlar.

Lakin artıq indidən demək olar ki, bizim münasibətlərimiz inkişaf edir, özü də çox uğurla inkişaf edir. Ötən il ərzində bizdə əmtəə dövriyyəsinin artımı 34,4 faiz, bu ilin birinci rübü ərzində isə daha 19 faizə yaxın olub. Yəni, bu, çox yaxşı artım tempidir və biz bunu dəstəkləməliyik.

Siyasi məsələlərə gəlincə, burada da vəziyyət sabitdir. Parlamentlərin, ictimai təşkilatların xətti ilə daim əlaqə saxlanılır, humanitar əlaqələr inkişaf edir.

Sizi görməyimə çox şadam. Xoş gəlmisiniz!

X X X

Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

-Sağ olun, hörmətli Vladimir Vladimiroviç. İlk növbədə, Sizi ötən dövlət bayramınız - dünən qeyd olunmuş Rusiya Günü münasibətilə təbrik etmək istərdim. Futbol üzrə dünya çempionatına hazırlığın uğurla başa çatması münasibətilə də təbrik etmək istəyirəm. Bu, dünyanın əsas idman hadisəsidir. Əminəm ki, çempionatın özü də çox uğurla keçəcək, bütün qonaqlar razı qalacaqlar.

Bizim münasibətlərimizə gəldikdə, mən də onların inkişafından məmnun olduğumu bildirmək istərdim. Avqustun sonunda Rusiyaya səfərə dəvətinizə görə təşəkkür etmək istərdim. Lakin bu gün də bizim kifayət qədər geniş gündəliyimizdəki cari məsələlərə dair fikir mübadiləsi aparmaq üçün yaxşı imkan var.

Düşünürəm ki, bizim daimi xarakter daşıyan müntəzəm əlaqələrimiz münasibətlərimizə böyük təkan verir. Biz bunun yaxşı nəticələrini görürük. Bizim qarşılıqlı siyasi fəaliyyətimiz çox yüksək səviyyədədir. Biz etibarlı dostlar və tərəfdaşlar, strateji tərəfdaşlarıq. Siz qeyd etdiyiniz kimi, iqtisadi sahədə dinamika ötən il də, bu il də çox müsbətdir. İqtisadi əməkdaşlığın genişləndirilməsinə dair planlar var. Biz "Şimal-Cənub” layihəsinin həyata keçirilməsinin artıq konkret nəticələrini görürük. Artıq Azərbaycan vasitəsilə Rusiyadan yükdaşımalar artır, bu da bizim fəaliyyətimizin müsbət nəticəsidir. Hesab edirəm ki, bütün sahələrdə, humanitar sahədə bizim münasibətlərimiz, ümumiyyətlə, nümunəvidir. Belə ki, yaxşı dinamikaya, yaxşı nəticələrə nail olduğumuza görə şadam və gələcəyə, əlaqələrimizin möhkəmlənməsinə ümidlə baxırıq.

Dəvətinizə görə bir daha sağ olun.

© xezerxeber.az


336 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR