“Məcburi köçkünlərin problemlərinin həlli istiqamətində hələ də görüləsi işlər var”

17.05.2018 16:00

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və "İnkişaf Proqramı”nın rezident nümayəndəsi Qulam İshaqzai ilə görüşüb.
Komitədən xezerxeber.az-a verilən məlumata görə, Azərbaycanın qazandığı uğurlardan, ölkəmizdəki qaçqın və məcburi köçkün problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışan Dövlət Komitəsinin sədri Azərbaycanın beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlığa xüsusi önəm verdiyini qeyd edib.
O bildirib ki, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli Azərbaycan prezidenti İlham Əliyevin daim diqqət mərkəzindədir. R. Rzayev qeyd edib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. O, bir milyondan çox qaçqın və məcburi köçkününün olmasına baxmayaraq, Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyini vurğulayıb.
R. Rzayev vurğulayıb ki, müstəqilliyinin ilk illərindən qaçqın və məcburi köçkün problemi ilə üzləşən Azərbaycan, yurd-yuvasından didərgin düşmüş insanların bir çox çətinliklərinin həllinə nail olub. Dünyada qaçqın və məcburi köçkün probleminin dövlət tərəfindən həll olunmasından söz düşəndə, ilk növbədə Azərbaycanın nümunə göstərildiyindən danışıb. Bildirib ki, bir sıra nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri tərəfindən, Azərbaycanın təcrübəsinin dünyanın bir çox ölkələri üçün nümunə olduğu dəfələrlə vurğulanıb. Bütün bunlara baxmayaraq, məcburi köçkünlərin problemlərinin həlli istiqamətində hələ də görüləsi işlərin olduğunu diqqətə çatdırıb.
Dövlət Komitəsinin sədri münaqişə nəticəsində doğma yerlərindən didərgin salınmış soydaşlarımızla bağlı BMT agentliklərinin həyata keçirdikləri humanitar və inkişaf layihələrini xatırladıb, dəstəyə görə təşəkkürünü bildirib.
BMT ilə Dövlət Komitəsi arasında əməkdaşlığı yüksək qiymətləndirən Q. İshaqzai mövcud olan sıx və səmərəli münasibətlərin daimi inkişaf edəcəyinə əminliyini ifadə edib. Azərbaycanda qaçqın və məcburi köçkün probleminin dövlət tərəfindən həll olunmasına toxunaraq dünyada belə bir nümunənin çox az olduğunu bildirib, BMT-nin Azərbaycan xalqının rifahı və təhlükəsiz gələcəyi naminə qarşılıqlı əməkdaşlığı davam etdirməyə hazır olduğunu bəyan edib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, qaçqın və məcburi köçkünlərin problemləri, onların həyat şəraiti, eyni zamanda gələcək əməkdaşlığın perspektivləri ilə bağlı müzakirələr aparılıb.

© xezerxeber.az


275 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR