“Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” - Prezident

16.05.2018 15:56

"Şərur şəhərinin içməli su problemi öz həllini tapıb. Gözəl, əlamətdar hadisədir. Mənə verilən məlumata görə, bir neçə kənd də indi içməli su ilə təmin olunur. Bu, çox vacib sosial layihədir. Naxçıvanın hər bir şəhərində içməli su-kanalizasiya layihələri icra edilir. Artıq Şərur Naxçıvan, Culfa, Şahbuz şəhərlərindən sonra dördüncü şəhərdir ki, bu məsələ öz həllini tam tapıbdır”.

XəzərXəbər xəbər verir ki, bunu Prezident İlham Əliyev mayın 16-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində "Şərur şəhər və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin birinci mərhələsinin açılışında deyib.

Ölkə başçısı bildirib: "Siz yaxşı bilirsiniz ki, əvvəlki dövrlərdə içməli su məsələsi həmişə çox ciddi problem kimi insanları narahat edirdi. Ancaq bu gün Şərur şəhərinə tam təmiz, Dünya Səhiyyə Təşkilatının standartlarına tam uyğun içməli su verilib. Digər şəhərlərdə layihələr icra edilir və icra ediləcək. Yaxın gələcəkdə Naxçıvanın bütün şəhərlərinin içməli su-kanalizasiya layihələri tam başa çatacaq. Bu, ölkəmizin gücünü, qüdrətini, bizim sosial siyasətimizi göstərir. Həmişə demişəm, bu gün də demək istəyirəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Onun problemlərinin, qayğılarının, bütün sosial məsələlərin həlli üçün bizdə çox güclü iradə, imkanlar var və görülən işlər bizim siyasətimizi əks etdirir".

Prezident, həmçinin edib ki, Naxçıvan Muxtar Respublikasında sosial sahənin inkişafı üçün çox böyük işlər görülüb, xəstəxanalar, məktəblər tikilib, içməli su və digər infrastruktur layihələri icra edilir.

"Əlbəttə ki, bu məsələlər insanların rahat yaşaması üçün əsas şərtdir. İçməli su insan sağlamlığı üçün əsas məsələdir və biz bu məsələni ölkə üzrə hər bir yerdə həll edirik. Azərbaycanın hər bir yerində içməli su-kanalizasiya layihələri icra edilir və qarşıya vəzifə qoyulub ki, bütün şəhərlərin su şəbəkəsi, kanalizasiya xətləri yenidən qurulsun. İşlərin böyük əksəriyyəti demək olar ki, öz həllini tapıbdır. O cümlədən Naxçıvan Muxtar Respublikasında da bu işlərə böyük diqqət göstərilir və beləliklə, bu önəmli sosial məsələ öz həllini tapmış olur”, - deyə dövlət başçısı əlavə edib.

© xezerxeber.az


128 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR